Stalinin nəvəsi Putini lağa qoydu: “Ondan Stalin olmaz”

18:25 | 27.01.2015
Stalinin nəvəsi Putini lağa qoydu: “Ondan Stalin olmaz”

Stalinin nəvəsi Putini lağa qoydu: “Ondan Stalin olmaz”

İosif Stalinin nəvəsi Yevgeni Cuqaşvili Avropa İnsan Haqları Məhkəməsində "Novaya qazeta”ya qarşı qaldırdığı təzminat iddiasını uduzduqdan sonra Britaniyanın "Daily Mail” qəzetinə müsahibə verib.

O, "Novaya qazeta”nı "babasına böhtan atdığına” görə məhkəməyə vermişdi.

Qəzetdə dərc olunmuş məqalədə Stalin "qana susamış hannibal” adlandırılır, 1940-cı ildə Belarusun Xatın kəndində 22 min polşalı əsiri qətliam etməkdə günahlandırılırdı.

Strasburqdakı Avropa İnsan Haqları Məhkəməsinin qərarında deyilir ki, Stalin labüd şəkildə ictimai tənqid və qınaq üçün açıq subyekt olaraq qalır.

Sovet İttifaqı Polşa əsirlərinin 1941-ci ildə nasistlər tərəfindən öldürüldüyünü bildirsə də sonralar 1990-cı ildə bu qətllər üçün öz məsuliyyətini etiraf etmişdi.

Lakin Yevgeni Cuqaşvili bu etirafla razılaşmır və bildirir ki, Rusiya və Polşa hökumətləri bütün günahları Stalinin belinə yükləmək üçün sövdələşməyə giriblər.

O, hesab edir ki, 200 min dollar təzminat istədiyi "Novaya qazeta” da bu qəsdin tərkib hissəsidir.

"Bax, belə bir zəmanədə yaşayırıq. Bic doğulanlar qalib gəliblər. Polşa çoxlarını ələ alıb... Gəlin Xatın məsələsinə qayıdaq. Bunu ruslar etmişdilərsə, niyə Hitler SSRİ-yə hücum edəndə bunları deməmişdi? O, belə bir fürsəti əldən verərdimi?” - deyə Yevgeni Cuqaşvili bildirib.

Onun fikrincə, Xatın qətliamını almanlar sonradan sovetlərin boynuna atmaq üçün törətmişdilər: "Xatından söz düşəndə Göbbels belə deyərmiş: "Biz elə bir bomba basdırmışıq ki...””

Yevgeni Cuqaşvili Rusiyanı ümumiyyətlə Polşa hökuməti ilə işləməkdə, sovet arxivlərini polyaklar üçün açmaqda və oradan saxta sübutlar çıxarmaqda ittiham edir.

Y.Cuqaşvilinin oğlu, Stalinin nəticəsi Yakov da deyir ki, Xatın epizodu artıq Nürnberqdəki Hərbi Tribunalın ittihamnaməsində də yer alıb.

Bu ittihamnamədə Polşa əsirlərinin qırğını üçün məsuliyyət Hermann Görinq və Alfred Jodlun üzərinə qoyulur.

Y.Cuqaşvili deyir ki, 1990-cı ilədək bu mövzu qapalı olub, lakin sonra Qorbaçovun vaxtında bir də ortaya atılıb.

Postsovet dövründə Rusiya Baş Hərbi Prokurorluğu bu məsələyə bir də baxıb və 2004-cü ildə iş yenidən "tamamilə məxfi” qrifi ilə arxivə verilib.

Lakin 2010-cu ilin aprelində prezident Medvedyev Xatına aid sənədlərin yenidən açılması barədə sərəncam verib. Həmin ilin may ayında Medvedyev Xatın işinə aid 67 cildlik təhqiqatı Polşa prezidenti Bronislav Komorovskiyə təqdim edib.

Y.Cuqaşvili Putini məsxərəyə qoyaraq deyir ki, "indi polyaklar Putinin "mükafatını” yaxşı veriblər. Onu heç Osventsim ölüm düşərgəsinin Qırmızı Ordu tərəfindən azad edilməsinin 70 illiyinə də dəvət etməyiblər.

"Onlar Putindən istifadə edib, sonra da tullayıblar. Və əcəb də ediblər. Əgər sən öz xalqını, öz ölkəni sevmirsənsə, bunu yadlardan necə tələb edə bilərsən? Polşa bizə düşmən dövlətdir, onların bizə qəzəbi əsrlərdir davam edir. Başqa bir düşmənimiz də Britaniyadır” - deyib Yevgeni Cuqaşvili.

Stalinin nəvəsinin fikrincə, babası bir beşcə ildə artıq yaşasaydı, bu gün Rusiya indiki vəziyyətinə heç vaxt düşməzdi.

Onun fikrincə, Stalindən sonra gələnlərin hamısı - Nikita Xruşşov, Qorbaçov, Yeltsin və Putin düşməndirlər. Stalinin nəvəsi söz verib ki, bütün bunları özünün yeni kitabında ifşa edəcək.

79 yaşlı Yevgeni Cuqaşvili "Daily Mail” qəzetinə verdiyi acıqlı müsahibədə az qala hamını, o cümlədən Rusiya prezidenti Vladimir Putini də kəskin tənqid atəşinə tutub.

O, Putinin Stalinə bənzədilməsini qətiyyətlə rədd edib və bildirib ki, keçmiş DTK agenti Putin sovet liderindən fərqli olaraq "oğrular və kəfgələnlər” hökumətinə rəhbərlik edir.

79 yaşlı nəvə o qədər qəzəbli olub ki, hətta oğlu Yakovun təhsil aldığı Britaniyanı da tənqid edib və bu ölkəni "Rusiyanın bir nömrəli düşməni” adlandırıb. 42 yaşlı Yakov Qlazqo İncəsənət İnstitutunu bitirib.

Lakin Yevgeni Cuqaşvilinin ən çox tənqid etdiyi Vladimir Putin olub. Deyib ki, "Putinin çəkmələri onun ayağına çox böyükdür”.

Stalinin nəvəsi Ukrayna kimi "doğma xalqın” düşmənə çevrilməsinin baiskarı kimi də Putini gördüyünü bildirib. Onun fikrincə, Rusiya 1954-cü ildə Nikita Xruşşov tərəfindən Ukraynaya bağışlanmış Krımı geri almaq istəyirdisə, bunu hüquqi yollarla həll etmək olardı.

Yevgeni Cuqaşvili deyib ki, "Putin uzaqbaşı qazandığı neft-qaz pulundan verib Krımı satın ala bilərdi”.

O, Rusiyanın indi də Şərqi Ukraynada "Malorossiya” düzəltməsini tamamilə yolverilməz adlandırıb: "II dünya müharibəsində ruslar, ukraynalılar, belaruslar və başqa millətlər Qırmızı Ordunun tərkibində nasistlərə qarşı vuruşublar, ölkəmizi və təbii sərvətləri qoruyublar. İndi nə olub, niyə bu sərvətlərdən Ukraynaya heç olmasa ucuz qiymətlərə satmırsan, Almaniyadan istədiyin qiyməti istəyirsən? İndi də onun mətbuat katibi Peskov deyir ki, Qərb Putini yıxmaq istəyir. Xeyr, Qərb bunun əksini istəyir”.

Yevgeni Cuqaşvili Putinin Rusiya mediasındakı təbliğatını da tənqid edib: "Daha hər vasitəyə əl atıblar - gah xizək sürəndə göstərirlər, gah təyyarədə, gah sualtı qayıqda, gah da köynəksiz. Bu, beyinsizlikdir, ədabazlıqdır”.

Yevgeni Cuqaşvili repressiya illərində milyonlarla insanın məhv edilməsini də Trotski və Sverdlovun boynuna qoyub və deyib ki, əksinə, babası bu qanunasuzluqdan xəbər tutanda - 1939-cu ildə 327 min 400 məhbusu Sibir düşərgələrindən azad etdirib.

Nəvə babasını "dahi” adlandırıb və deyib ki, o, çar Rusiyasından qalma imperiyanı olduğu kimi qoruyub saxlaya bilib. //virtualaz.org

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM