"Star" neft emalı zavodu "İlin ən yaxşı" layihəsi elan olunub

16:27 | 16.12.2015

"Star" neft emalı zavodu "İlin ən yaxşı" layihəsi elan olunub

 Dünyanın məşhur "Hydrocarbon Processing” jurnalı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə həyata keçirdiyi "Star" neft emalı zavodunun inşası layihəsini ilin ən yaxşı layihəsi elan edib.

"Report"un SOCAR-ın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu haqda dərc olunmuş məqalədə bildirilir ki, jurnal hər il oxucu rəyləri əsasında ən yaxşı layihələri müəyyən edir.

Hazırda inşası davam etdirilən ən mühüm neft emalı və neft kimyası layihələri 5 fərqli qitədə həyata keçirilir və 44 mlrd. dollardan çox ümumi layihə dəyərinə sahib bu müəssisələr ümumilikdə sutkada 1,5 mln. bareldən çox xammal emal etmək gücünə malikdir.

"Hydrocarbon Processing” jurnalının oxucuları iki ay müddətində 2015-ci ilin ən yaxşı neft emalı və neft kimyası layihələri arasında seçim aparıblar. Səsvermə nəticəsində SOCAR-ın Türkiyədəki "Star" neft emalı zavodu və Kanadada yerləşən "North West Redwater Partnership’s Sturgeon” bitum neft emalı zavodu "İlin ən yaxşısı” nominasiyası üzrə qalib adına layiq görülüb.

Qeyd olunur ki, Türkiyənin Petkim yarımadasında gerçəkləşdirilən "Star" neft emalı zavodu layihəsi bu yarımada üçün müəyyənləşdirilmiş "Value-Site 2023" konsepsiyasına uyğun həyata keçirilir.

"Star" layihəsi Türkiyənin ilk neft-kimya sənaye parkını yaratmağa dəstək olacaq. İllik 10 mln. ton neft emalı gücünə malik layihənin başlıca məqsədlərindən biri "Petkim" neft-kimya kompleksini xammalla təmin etməkdir. Bu əlavə xammal Türkiyənin idxaldan asılılığının nəzarət altına alınmasında, eyni zamanda daxili bazarın "Euro-5" standartına uyğun nəqliyyat yanacaqları ilə təmin edilməsində mühüm önəm daşıyır. Zavod "Ural", "Azeri Light" və Kərkük nefti də daxil olmaqla, müxtəlif tipli xam neftləri emal edə biləcək. "Star" layihəsi maliyyələşməyə görə Qlobal Maliyyələşdirmə Konfransının (Global Financial Conference) "İlin ən yaxşı layihə maliyyələşdirməsi”, "Project Finance International" jurnalının "Neft emalı zavoduna dair İlin Maliyyələşdirmə Müqaviləsi” mükafatlarına və bir sıra başqa mükafatlara layiq görülüb. 

"Star" zavodunun 2018-ci ilin I rübündə tamamlanması nəzərdə tutulur. Müəssisə istismara verildikdən sonra 1984-cü ildən sonra Türkiyədə tikilən ilk neft emalı müəssisəsi olan STAR ölkənin neft emalı, neft kimyası, enerji-logistika-distribusiya zəncirinin mühüm bir həlqəsini tamamlayacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti