Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti sessiyası bu gün Strasburqda işinə başlayır.
"Report" un məlumatına görə, sessiyanın əsas mövzusu Avropadakı miqrasiya böhranına humanitar və siyasi yardım olacaq.
Həmçinin, pasiyentlərin hüquqlarının qorunması və ictimai sağlamlığa əczaçılıq sənayesinin həddindən artıq təsirinin qarşının alınması üzrə debatlar keçiriləcək, həmmüəlliflərdən birinin Milli Məclisin deputatı Rafael Hüseynovun olduğu "Demokratik cəmiyyətdə etiqad azadlığı və birgəyaşayış haqqında" məruzə təqdim ediləcək.
Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrası ilə bağlı məsələ, həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) fəaliyyəti müzakirə olunacaq. Bundan başqa, sessiyada növbəti beş il üçün qurumun yeni baş katibi seçiləcək.
Payız sessiyasının işi çərçivəsində Lüksemburqun böyük hersoqu Anri, Serbiyanın baş naziri Aleksandr Vuçiç, Bosniya və Herseqovinanın xarici işlər naziri Denis Zvizdiçin çıxış edəcəkləri gözlənilir.
Sessiya oktyabrın 2-dək davam edəcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !