Sudan istifadəyə görə limitlər artıq smart-kartlara yüklənir

20:57 | 27.11.2014
Sudan istifadəyə görə limitlər artıq smart-kartlara yüklənir

Sudan istifadəyə görə limitlər artıq smart-kartlara yüklənir

“Azərsu” ASC smart-kart tipli su sayğaclarının tətbiqinin genişləndirilməsi ilə paralel olaraq abunəçilərin smart-kartlardan istifadəsinin asanlaşdırılması istiqamətində tədbirləri davam etdirir.

ANN.Az “APA-Economics”ə istinadən xəbər verir ki, bu haqda məlumat “Azərsu” ASC-dən verilib. Bildirilib ki, qurumun ödəmə xidmətləri sahəsində ixtisaslaşmış “Modenis” şirkəti ilə birgə həyata keçirdiyi inteqrasiya işləri nəticəsində “eManat” terminallarında nağd ödənişlərlə yanaşı, qaçqın və məcburi köçkünlərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsi ilə bağlı müəyyən olunmuş limitlərin smart-kartlara yüklənməsi də təmin edilib. Limitlərin “eManat” terminallarından yüklənməsi aktivləşənə qədər qaçqın və məcburi köçkün abunəçiləri smart-kartlara balans yükləmək üçün sukanal idarələrinə müraciət edirdi.

Ödənişlərin aparılması və smart kartlara balansın yüklənməsi üçün “eManat” ödəniş terminallarının ekranında “Azərsu” bölməsi, ardınca “smart-karta ödəniş”, daha sonra “əhali” panelləri seçilir. Bundan sonra smart-kartlar terminala daxil edilir və ödəmə əməliyyatlarına başlanılır. Limitli abonentlərdə ödəmə gününə qədər qüvvədə olan limit miqdarı qədər balans karta yüklənir. Terminallarda aparılan əməliyyatlar real zaman rejimində həyata keçirilir və smart-kartlara balans yüklənilir.

Hazırda ölkə ərazisində 1300-dən çox “eManat” köşkü fəaliyyət göstərir ki, bunların da 201-i regionlarda quraşdırılıb. “eManat” köşklərində əməliyyat aparılarkən texniki problemlər yarandıqda abunəçilər 012-404-48-88 nömrəsinə zəng etməklə “Modenis” şirkəti ilə əlaqə saxlaya bilərlər.

Smart sayğacla təmin olunmuş məcburi köçkünlərin “MilliÖn” köşklərində də limitlərinin yüklənməsi üçün işlər davam etdirilir. Qeyd edək ki, məcburi köçkünlərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinə görə hər nəfər üçün aylıq limit 5 kubmetr müəyyən edilib. Məcburi köçkünlər limitdə nəzərdə tutulandan artıq su istifadə etdikdə onun dəyərini ödəməlidirlər.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM