Sumqayıtda it dişləməsindən 20 gün sonra 5 yaşlı şəhər sakini Mikayılzadə Zeynəb Elçin qızı vəfat edib. İstiPress xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Respublika Taun Əleyhinə Stanisiyasının şöbə müdiri Rita İsmayılova məlumat verib. Həkim avqustun 17-də qızın ölümünün quduzluq nəticəsində baş verdiyini təsdiqləyib.
Mikayılzadə iyulun 31-də xəstəxanaya yerləşdirilib. Qıza hücum edən it onu üz və alın nahiyəsindən dişləyibmiş.
Rita İsmayılova qeyd edib ki, həmin nahiyələr insan bədənində ən təhlükəli yerlərdəndir, çünki buradan infeksiya əsəb sisteminə tez yoluxur. Həkimlər dərhal uşağa vaksin vuraraq onu reanimasiya şöbəsinə yerləşdiriblər. Lakin aparılan müalicəyə baxmayaraq uşağı xilas etmək mümkün olmayıb. Qız vaksinasiya tsikli başa çatmamışdan vəfat edib.
İsmayılova deyib ki, baş verən hadisədə həkimlərin günahı yoxdur. Tibbdə həmişə qaydalardan istisnalar olur. Belə hallara nadir rast gəlinsə də, onların haqqında tibbi ədəbiyyatda yazılıb. Müalicənin keyfiyyətinə insanın immuniteti və digər xəstəliklər də az təsir göstərmir.
Vurulan vaksinin keyfiyyətsiz olmasına gəldikdə isə İsmayılova bu iddiaların yanlış olduğunu bildirib. İsmayılovanın sözlərinə görə, alınan bütün vaksinlər beynəlxalq keyfiyyət standartlarına uyğundur. Onların köməyilə keçən il heyvanların hücumuna məruz qalmış 17 min insanın həyatı xilas edilib.
Həkim həmçinin ötən ay Sumqayıtda 200 it dişləməsi faktının qeydə alındığını bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !