Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı şəhid plakatlarının sökülməsinə görə Sumqayıt şəhər İcra Hakimiyyətini günahlandırıb. Sosial şəbəkələrdə bu hadisəyə münasibət bildirənlər hiddətlərini gizlətmir, plakatların sökülməsini şəhidlərə hörmətsizlik hesab edirlər.
Maraqlıdır, qanun şəhid plakatlarının onların yaşadığı əraziyə vurulmasına icazə verirmi?
Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a açıqlama verib.
Deputat hər kəsi şəhidlərimizlə bağlı məsələlərə həsaslıqla yanaşmağa çağırıb.
"Mənim bacım oğlu da şəhid olub. Şamaxı rayonunun Nərimanov küçəsində onun yaşadığı evin divarına mərmər daş üzərində şəkli vurulmuşdu. Həmin şəkli oradan çıxarmaq istəyirdilər. Bununla bağlı böyük narazılıq da olmuşdu. Amma daha sonra divardan çıxıntı olmadığına, gəlib-gedənə mane törətmədiyinə görə toxunmadılar.
Hesab edirəm ki, şəhid plakatlarının bu qaydada vurulmasına mane olmaq lazım deyil”.
T.Kərimli İranda dövlət tərəfindən şəhidlərin plakatlarının küçələrə vurulduğunu deyib: "Bizdə də bu cür hallar qanunla tənzimlənir. Sumqayıtda şəhidlərimizin plakatlarını qoyanlar bunu yerli icra orqanı ilə razılaşdırmalı idilər. Amma o plakatlar gediş-gəlişə mane olmursa, özündə hansısa mənfi yük daşımırsa, kiməsə mane törətmirsə, buna həssaslıqla yanaşmaq olardı. Həmin plakatları ora vuranlara demək olardı ki, yerini dəyişdirsinlər. Çox təəssüflər olsun ki, bəzən məmurlar bu işlərə səhlənkar yanaşırlar. Hətta bəzi məmurlar şəhid analarına deyir ki, "Oğlun gedib şəhid olmayaydı”. Bəzən gözümüzün qabağında qanunsuzluğu görürük və ona susuruq. Amma şəhidə qarşı belə hal olanda, dərhal reaksiya veririk ki, guya qanunu müdafiə edirik. Düşünürəm ki, hakimiyyət nümayəndələri belə hallara qarşı təmkinli davranmalı, səhlənkarlıq etməməlidir”.
Əldə etdiyimiz məlumata görə, şəhidlərin löhvələrini "JEK” işçiləri şəhər icra hakimiyyətinin tapşırığı əsasında çıxarılıb. Fotodan da löhvələri sökənlər aydın görünür.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !