Bu barədə məlumatı ANN.AZ-a klubun təsisçilərindən biri Aygül Qurbanova verib.
Yeni yaranan klubun adı "Nərdivan" Gənclər Klubudur. Aygül Qurbanova klubun yaradılmasının məqsədini belə izah edib: "Azərbaycanın üçüncü böyük şəhəri olan, sənaye, təhsil və ölkənin bir çox sahələrinə öz töhfələrini verən Sumqayıt şəhərində gənclərin sıx birləşməsi, eyni zamanda maarfçilik, mədəni-ictimai fəaliyyətlərinin inkişaf etdirilməsi üçün belə bir klubun yaradılmasını istədik. Məqsədimiz odur ki, hər cür irqi, ideoloji, siyasi ayrı-seçkilikdən uzaq olan, daha çox maarifpərvər, intellektual, öz hüquq və azadlıqlarını bilən işıqlı Sumqayıt gənclərini bir araya toplaya bilək. Eyni zamanda həyata keçirəcəyimiz tədbirlər, reallaşdıracağımız layihələr Sumqayıt gəncinin ölkə və dünya səviyyəsində tanınmasına, eləcə də onların beyninin, düşüncəsinin, bacarıq və əzminin gücü ilə daha da irəli getməsinə xidmət etməlidir. İnanırıq ki, hər cür zor və iğtişaşdan uzaq olacaq fəaliyyətimizlə elmin, düşüncənin aydınlatdığı daha işıqlı sabahlara çıxacayıq. Biz gənclər düşünürük ki, Azərbaycan gənci və onun simasında Sumqayıt gənci fəaliyyətsiz qalmamalıdır, dövlətin ayırdığı resurslardan əlavə özünün mənəvi və zehni boşluğunu doldurmağa çalışmalıdır. Biz qəliz və anlanılması çətin heç nə demirik, düşünməyi və düşüncə ilə hərəkət etməyi təklif edirik. Bir gəncin edə biləcəyi ən önəmli iki şey bunlardır".
Təsisçi əlavə edib ki, klubun əsas məqsədi, yaranan bu klubu elmin və intellektin zəmin olduğu fəaliyyətlərilə irəliyə aparmaq, gənclik adının ölkə və dünya səviyyəsində imicini müsbət anlamda dəyişməkdir: "Bizlər bu şəhərin düşünən, gənc və təmiz beyinləriyik. Ciddi və məqsədyönlü fəaliyyətimizlə Sumqayıtın gənclər şəhəri olduğunu bir daha sübut edə bilərik. Bizlər Sumqayıtın yetişən və yetişməkdə olan gəncliyinə səslənirik, ağlına, bacarığına, intellektinə, kitaba və maarifə sevgisinə güvənən hər bir gənc sıralarımıza qatıla bilər. Əmin olun ki, edəcəyimiz layihlər sizin bu yolda daha da inamla irəliləməyinizə xidmət edəcəkdir. Elmin və maarifin gücü sizi eynən bir nərdivan kimi istədiyiniz zirvələrə qaldırmağa yetəcək, yetər ki, buna öz istəyiniz olsun".
ANN.Az