Ramazan bayramı ilə əlaqədar paytaxdan bölgələrə üz tutan sərnişinlərin sayının artmasını nəzərə alaraq Bakı beynəlxalq avtovağzalı gücləndirilmiş iş rejiminə keçib.
Sərnişinlərin vaxtında mənzil başına çatması üçün xəttə əlavə marşurutlar buraxılıb. Ərazidə çəkiliş aparan ANS əməkdaşları avtovağzalda böyük sərnişin sıxlığı müşahidə edib. Görünür həyata keçirilən tədbirlər kifayət qədər olmayıb. Kimi getdiyi istiqamətə avtobusların olmaması və ya gec gəlməsindən, kimi də süni qiymət artımının olmasından şikayət edirdi.
Ölkənin əksər bölgələrinə gedən avtobusların hərəkətində canlanma olsa da, şimal istiqamətində gedən avtobus dayanacağında böyük sərnişin sıxlığı müşahidə olunurdu. Avtobuslar gec gəldiyindən gözləyən sərnişinlərin də sayı durmadan artırdı. Elə süni qiymət artımının olmasından şikayət edənlərin əksəriyyəti də bu istiqamətə gedənlər idi. Ərazidə çəkiliş aparan ANS əməkdaşları məsələni aydınlaşdırmaq üçün Beynəlxalq Avtovağzal rəhbərliyi ilə əlaqə saxlayıb. Qurumdan bildirdilər ki, sıxlığın aradan qaldırılması üçün xəttə əlavə olaraq qiymətində razılıq əldə olunan digər sərnişin daşıma şirkətlərinin avtobusları da əlavə edilib və qiymətə də nəzarət olunur.
Odur ki, süni qiymət artımı və ya əlinizdə bilet olaraq mənzil başına gedə bilmirsizsə, avtovağzal rəhbərliyinə yaxınlaşmaqla problemnizi həll edə bilərsiniz.
Qeyd edək ki, əhalinin əksəriyyəti bölgələrə üz tutduğundan Bakı Beynəlxalq avtovağzalında analoji sıxlıq yeni il, novruz bayramı və qurban bayramında da yaşanır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !