Suriya münaqişəsi: Vyana danışıqlarında tərəflərdən "güzəştli mövqe" istənildi

21:04 | 30.10.2015
Suriya münaqişəsi: Vyana danışıqlarında tərəflərdən

Suriya münaqişəsi: Vyana danışıqlarında tərəflərdən "güzəştli mövqe" istənildi

BMT-nin Baş Katibi Ban Ki-moon Suriya münaqişəsi ilə bağlı Vyanada baş tutacaq xarici işlər nazirlərinin danışıqlarında rəqib tərəfləri "güzəştli mövqe" sərgiləməyə çağırıb.

O, 5 əsas iştirakçı ölkə- ABŞ, Rusiya, İran, Səudiyyə Ərəbistanı və Türkiyəni "qlobal liderlik" üçün "milli perspektivlərdən" imtina etməyə çağırıb.

Bu Rusiya ilə birgə Suriya prezidenti Bəşər əl- Əsədi dəstəkləyən İran daxil olduğu ilk danışıqlardır.

ABŞ və onun müttəfiqləri cənab Əsədin münaqişə həllinin bir hissəsi ola bilməyəcəyini bildirirlər.

Suriyada artıq 4 ildir ki, hökumət əleyhinə etirazlar Əsəd hökuməti, İD, Suriya üsyançıları və kürd döyüşçüləri arasında vətəndaş müharibəsinə çevrilib.

Münaqişədə 250 mindən çox suriyalı həlak olub, bir milyon nəfər xəsarət alıb. 11 milyon nəfər evindən çıxmağa, 4 milyon qaçqın isə Avropaya təhlükəli səyahət etməyə məcbur olub.

Həm İran, həm də Rusiya bu yaxınlarda Suriya münaqişəsində öz hərbi rolunu aktivləşdirib.

ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı və digər bir neçə ərəb ölkələri isə təkid edir ki, Bəşər əl-Əsəd ölkənin gələcəyi ilə bağlı hər hansı uzunmüddətli rol oynaya bilməz.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel al-Jubeir BBC-yə bildirib ki, İran münaqişənin həlli çərçivəsində cənab Əsədin "aradan qaldırılmasını" qəbul etməlidir.

"O, ya siyasi proses vasitəsilə gedəcək, ya da zorla", deyə o bildirib.

Bu arada İranın xarici işlər naziri Mohammad Javad Zarif bildirib ki, digər qüvvələr Tehranın iştirakı olmadan Suriya münaqişəsinin "məqbul həllinə" heç bir vəchlə nail olunmayacağını başa düşüblər.

Xarici işlər nazirləri cümə axşamı Vyanada cümə günü aparılması planlaşdırılan müzakirələrin məzmununda qeyri-rəsmi danışıqlar keçirib.

ABŞ Dövlət Katibi John Kerry cümə axşamı cənab Zarif, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, eləcə də Səudiyyə Ərəbistanı və Türkiyənin xarici işlər nazirləri ilə görüşüb.

Danışıqlarda Böyük Britaniya, Fransa, Almaniya, Misir, Livan və Avropa İttifaqının xarici işlər nazirlərinin də görüşdə iştirakı təsdiqlənib. Digər Yaxın Şərq dövlətlərinin də iştirakı gözlənilir.

İranın son 4 ildə Əsəd hakimiyyətini dəstəkləməyə, hərbi məsləhətçilər və silahla təmin etməyə və digər vasitələr üçün milyardlarla dollar xərclədiyi bildirilir.

Suriyanın siyasi müxalifəti xəbərdarlıq edib ki, İranın iştirakı Vyanadakı görüşü çətinləşdirəcək.

Rusiya ötən ay Suriyada hava kampaniyasına başlayıb. Rusiya bildirir ki, o, İD və digər cihadçı qrupları Suriya Prezidenti Bəşər əl-Əsədin hərbi cəhətdən yardım xahişindən sonra hədəfləyib.

Qərb ölkələri və suriyalı fəallar deyirlər ki, Rusiya təyyarələri qeyri-hərbi hədəfləri də vurub, rəsmi Moskva bu iddiaları təkzib edir.

Suriyada niyə müharibə gedir?

Hökumət əleyhinə etirazlar 4 ildir ki, davam edərək dalana girən vətəndaş müharibəsilə nəticələnib. Əl-Əsəd hökuməti, İslam Dövləti qruplaşması, çoxsaylı Suriya üsyançıları və kürd döyüşçüləri müxtəlif ərazilərə nəzarət edirlər.
Kimi kimə qarşı vuruşur?

Paytaxt Dəməşq, ölkənin mərkəzi və qərbində yerləşən hökumət qüvvələri İslam Dövləti qruplaşması, ən-Nüsrə cəbhəsi və ölkənin şimalı ilə şərqindəki daha azsaylı "mötədil” üsyançı qruplarına qarşı vuruşur. Bu qruplar həmçinin bir-birilə vuruşurlar.
İnsan itkilərinin sayı nə qədərdir?

Münaqişədə 250,000 suriyalı öldürülüb və milyondan artıq adam yaralanıb. Daha 11 milyona yaxın insan evlərini tərk etməyə məcbur olub. Onlardan 4 milyonu ölkə xaricinə gedib. Bu rəqəm sayı artmaqda olan Avropaya yollananları da əhatə edir.
Dünya necə reaksiya verib?

İran, Rusiya və Livandakı Hizbullah hərəkatı əl-Əsəd hökumətinə dəstək verir. Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər, ABŞ, Britaniya və Fransa ilə yanaşı sünnilərin çoxluq təşkil etdiyi daha mötədil müxalifəti dəstəkləyirlər. Hesab edilir ki, Hizbullah və İran Suriyada qoşun və zabitlərə malikdir. Bu arada Qərb rəhbərliyilə yaradılmış koalisiya və Rusiya hava zərbələri həyata keçirir.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM