Əsəd cəbhəsindən “qara kağız”ı gələnlərin sağ olduğu deyilir; Ağır cinayətlərə görə beynəlxalq axtarışda olan bir neçə vətəndaşımız təqibdən yaxa qurtarmaq üçün mücahidlərin saytlarında özlərini “öldürtdürüb” başqa kimlik almağa çalışırlar; şəxsin ölmüş elan olunmasının isə öz qaydaları var.
Son vaxtlar Suriyada, Əfqanıstanda döyüşən azərbaycanlılar arasında ölənlərin sayının artması haqda xəbərlərlə bağlı sensasion məqamlar var. “Qafqazinfo” xəbər verir ki, “Yeni Müsavat”a daxil olan məlumata görə, Yaxın və Orta Şərqdən gələn bu tip xəbərlərin heç də hamısı doğru deyil. Bu barədə məlumatlar əldə edən mənbənin bildirdiyinə görə, son günlər demək olar ki, hər gün ya Suriyada, ya Əfqanıstanda döyüşən bir neçə azərbaycanlının öldürülməsi xəbərinin gəlməsi hakimiyyətin müvafiq strukturlarının araşdırmalar aparmasına səbəb olub.
Bu araşdırmalar zamanı sensasion məqamlar ortaya çıxıb. Bura Suriyaya və digər ölkələrə döyüşməyə gedən azərbaycanlıların necə müəyyənləşdirilməsinin, təlimatlandırılmasının, maliyyələşdirilməsinin, bu işlərin kimlər tərəfindən həyata keçirilməsinin üzə çıxması ilə bərabər öldürülməsi xəbəri yayılanlarla da bağlı bir sıra məlumatların aşkarlanması daxildi.
Mənbənin sözlərinə görə, bəlli olub ki, son vaxtlar bu cür döyüşlərdə öldürüldüyü bildirilən bir sıra şəxslər nə Suriyada olublar, nə də Əfqanıstanda. Ona görə də onların öldürülməsi xəbəri yalandı.
Məlumatda bildirilir ki, həmin şəxslər ağır cinayət hadisələri törətdiklərindən uzun müddətdir axtarışdadırlar. İndi fürsətdən istifadə edərək müəyyən dairələrin əli ilə guya Suriyada, ya da Əfqanıstanda döyüşdükləri, mücahidlərin dəstələrində olduqları və öldürüldükləri barədə məlumat yayırlar.
Bu barədə danışan mənbə bir neçə məqama diqqət çəkməyi vacib sayır. Onun sözlərinə görə, öldürülməsi xəbəri yayılan şəxslərin bir çoxunun rəsmi adı açıqlanmır, onların ləqəbləri göstərilir. Bəzilərinin isə adı, soyadı, atasının adı, doğum tarixi, ev ünvanı dəqiqliklə göstərilir. Hətta həmin şəxslərin ən müxtəlif vaxtlarda çəkilən şəkilləri operativ şəkildə yayılır. Bu məqamları bizimlə bölüşən mənbə deyir ki, öldürülməsi xəbəri yayılan və kimliklərinə dair bütün məlumatlar açıqlanan, şəkilləri yayılan belə şəxslərin arasında, öldürülməsi xəbəri doğru olmayan və Azərbaycanda ağır cinayətlər törətdiklərinə görə axtarılan şəxslər də var.
Onlar bununla barələrində açılan cinayət işindən və axtarışdan yaxa qurtarmaq, sonradan başqa adla hansısa ölkədə rahat yaşamaq istəyirlər. Məlumatda bildirilir ki, bunun üçün xeyli pul xərcləyirlər və araşdırmalar zamanı Azərbaycanın bəzi qurumlarının əməkdaşlarının da bu işdə əlinin olması üzə çıxıb.
Qeyd edək ki, son bir həftədə Suriyada və Əfqanıstanda öldürülməsi xəbəri gələn bir neçə nəfərin axtarışda olduğu rəsmən təsdiqlənib. Hətta onların İnterpol xətti ilə axtarılmasına dair fotolar da yayılıb.
Bu faktların özü də mənbəmizin bizə verdiyi məlumatın etibarlılıq yükünü artırır.
Onu da bildirək ki, cinayət törədən, axtarışda olan şəxsin ölməsinin rəsmiləşdirilməsi elə də asan deyil və bunun üçün hüquqi prosedurlar var. Amma hər halda cinayət əməlinə görə axtarılan şəxslərin özləri barəsində Suriyada, Əfqanıstanda öldürülmələri barədə xəbər yaydırmaqla bir neçə il sonra onlar barədə başlanan cinayət işinə xitam verilməsinə nail olmaları mümkündür.
Azərbaycan Mülki Məcəlləsində şəxsin ölmüş elan edilməsi isə belə tövsif edilib.
Maddə 41. Fiziki şəxsin ölmüş elan edilməsi 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər.
41.2. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 41.4. Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər.
Qaynar.info