Suriyaya gedən azərbaycanlıların qarşısını necə almaq olar? – AÇIQLAMA

13:46 | 04.02.2014
Suriyaya gedən azərbaycanlıların qarşısını necə almaq olar? – AÇIQLAMA

Suriyaya gedən azərbaycanlıların qarşısını necə almaq olar? – AÇIQLAMA

Son zamanlar Suriyadan azərbaycanlıların ölüm xəbərləri tez-tez gəlir, hətta bəzi gənclər valideynlərindən, ailələrindən imtina edərək Suriyaya döyüşə gedirlər. Suriyada ölən azərbaycanlılar mövzusu son günlərdə Azərbaycanın mətbuat gündəminin əsas xəbərlərindən biridir, ölüm xəbərlərinin isə ardı-arası kəsilmir. Bəs bu roblemi necə həll etmək olar. 

Dünən parlamentin yaz sessiyasının açılışında millət vəkili Adil Əliyev Suriyaya döyüşməyə gedənlərin vətəndaşlıqdan çıxarılmasını, digər millət vəkili Zahid Oruc isə onlara cinayət işinin açılmasını təklif edib.

ANN.Az bu məsələ ilə bağlı politoloq Elçin Xalidbəylinin fikirlərini öyrənib. Politoloq hüquqi müstəvidə tədbir görülməsinin lehinədir.E.Xalidbəyli açıqlamasında məsələ ilə bağlı dövlət komissiyasının yaradılması fikrini irəli sürüb: “Bu məsələ ilə bağlı müxtəlif yanaşmalar, mövqelər mövcuddur. Adını çəkdiyiniz deputatların təklifləri də onların özəl yanaşma tərzidir. Ancaq belə məsələlər deputatların şəxsi mövqelərinə görə nizamlana bilməz. Belə problemlərin həlli yolları istisnasız olaraq, hüquqi müstəvidə axtarılmalıdır. Ona görə də, sözügedən məsələ ilə bağlı birbaşa cinayət işinin açılması Azərbaycan dövlətinə müəyyən problemlər də yarada bilər. Belə vəziyyətdə bu məsələ ilə bağlı bir araşdırma komissiyasının yaradılması daha effektiv ola bilər. Çünki həmin araşdırma komissiyası Suriyada olanların davranışlarının beynəlxalq hüquqa və Azərbaycan qanunvericiliyinə hansı səviyyədə uyğun gəldiyini araşdırıb dəqiqləşdirə bilər. Yalnız bundan sonra həmin şəxslərə qarşı hansısa hüquqi addımların atılması mümkün ola bilər. Əks halda, heç bir araşdırma aparmadan birbaşa cinayət işinin açılması və ya vətəndaşlıqdan məhrum olunma kimi addımların atılması hüquqi cəhətdən doğru olmazdı. Yəni Suriyada olanlara qarşı hər hansı tədbirin görülməsindən öncə atılacaq addımın ciddi araşdırmalar nəticəsində hüquqi cəhətdən əsaslandırılması vacibdir”SeymurANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM