Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi üzrə ödənilmiş cərimələr 2014-cü ildə 67 mln. 987 min 372 manat, 2015-ci ildə 73 mln. 452 min 509 manat təşkil edib ki, bu da ümumilikdə ölkə üzrə büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının müvafiq olaraq 32,8%-nə bərabərdir.
ANN.Az xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə Hesablama Palatasının 2016-cı il üzrə hesabatında deyilir.
Sənəddə qeyd edilib ki, 2015-ci ildə ödənilmiş cərimələrin məbləği 2014-cü il ilə müqayisədə 5 mln. 465 min 137 manat və ya 0,8% artıb.
Ödənilən vəsaitlərin 2014-cü ildə 14,5%-i və ya 987 min 782 manatı, 2015-ci ildə isə 19,5%-i və ya 14 mln. 301 min 254 manatı əvvəlki illərdə qəbul edilmiş qərarlar üzrə ödənilmiş cərimələrdən ibarət olub. 2015-ci ildə əvvəlki illərdə qəbul edilmiş qərarlar üzrə ödənilən cərimə məbləğləri 2014-cü ilin müvafiq göstəricisindən 4 mln. 423 min 434 manat və ya 44% çox olub.
Baş Dövlət Yol Polisi İdarəsi nəzdində ümumi sahəsi 52 min 363 kvadratmetr olan 17 duracaq, o cümlədən Bakı şəhərində 13, Abşeron rayonunda 2, Sumqayıt və Gəncə şəhərlərinin hər birində 1 duracaq fəaliyyət göstərib.
Nəqliyyat vasitələrini duracaqlarda saxlanılmasına görə daxilolmalar 2014-cü ildə 67 min 995 manat, 2015-ci ildə 84 min 229,5 manat təşkil etməklə 16 min 234,5 manat və ya 23,9% artıb.
Nəqliyyat vasitələrinin təxliyə avtomobilləri (evakuator) vasitəsilə duracaqlara gətirilməsindən daxilolan vəsait isə 2014-cü ildə 47 min 900 manat, 2015-ci ildə 42 min 080 manat təşkil etməklə 5 min 820 manat və ya 12,2% azalıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !