Trend-in xəbərinə görə, bəzi sürücülər daha gözəl göründüyünü düşünərək nömrələrin üzərinə həkk olunmuş defis simvollarını bilərəkdən müxtəlif üsullarla silirlər, lakin bu hərəkət qayda pozuntusu hesab edilir. Yəni sürücünün adi kiçik xətt hesab etdiyi simvolun pozulması dövlət qeydiyyat nişanları standartının tələblərinin pozulması kimi qiymətləndirilir ki, bu da nəticədə yol polisi tərəfindən sürücünün cərimə olunmasına şərait yaradır
Bununla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi oktyabrın 12-də nəqliyyat vasitələri sahiblərinə və sürücülərə nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarında qanunvericiliklə nəzərdə tutulmuş standartların tələblərinin pozulması (defis simvollarının, çərçivə xəttinin silinməsi) hallarının aradan qaldırılması üçün 1 ay müddətində vaxt vermişdi. Əks halda noyabrın 13-dən nəqliyyat vasitəsinin istismarı qadağan olunmaqla sürücülər inzibati məsuliyyətə cəlb ediləcək, eləcə də xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınan digər qayda pozuntuları ilə bağlı tərtib edimiş elektron protokolardakı görüntülərdə belə hallar aşkar olunduğu təqdirdə inzibati xətaya yol vermiş şəxslər haqqında əlavə inzibati tənbeh tədbiri görüləcək.
Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının 27 oktyabr 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 11 noyabr 2015-ci il tarixindən qüvvəyə minmiş AZS 599-2015 "Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanları. Tipləri və əsas ölçüləri. Texniki tələblər” dövlət standartı avtomobil, avtobus, motosiklet, motoroller, motoaraba, traktor və avtomobil traktor qoşqularının, eləcə də onlara bərabər tutulan nəqliyyat vasitələrinin tanınması üçün istifadə olunan dövlət qeydiyyat nişanlarına şamil olunur.
Standarta əsasən, dövlət qeydiyyat nişanları bir və iki sıralı olmaqla 4 tipə bölünür. Bir sıralı I tip – avtonəqliyyat vasitələrinə (şəkil 1), iki sıralı II tip – avtonəqliyyat vasitələri və onların qoşqularına (şəkil 2), iki sıralı III tip - I tip nişanların tətbiqi mümkün olmayan avtomobillər, hərəkət sürəti 20 km/saatdan artıq olmayan elektrik mühərrikli avtomobillər, hərəkət sürəti 30 km/saatdan artıq olmayan daxili yanma mühərrikli nəqliyyat vasitələri, traktorlar və onların qoşqularına (şəkil 3), iki sıralı IV tip - motonəqliyyat vasitələrinə (şəkil 4) aid edilir.
Standarta əsasən, dövlət qeydiyyat nişanında 21x42 mm ölçüdə Azərbaycan Respublikasının üçrəngli bayrağı düzbucaqlı şəkildə həkk olunur.
Dövlət standartının tələbləri məcburidir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !