Sürücülərlə bağlı yeni - QƏRAR

12:42 | 21.10.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Avtomobil sürücülərinə ixtisas sinfinin verilmə Qaydaları”nda dəyişikliyi təsdiq edib.

Oxu.Az-ın xəbərinə görə, bununla bağlı Kollegiyanın sədri, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qərar imzalayıb.
Qərarla nazirliyin Aparatının Hüquq şöbəsinə tapşırıq verilib.

Tapşırıqda bildirilib ki, şöbə bu qərarın qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə çatdırılmasını təmin etsin.
Qərarın icrasına nəzarət nazirliyin 2019-cu il 19 fevral tarixli 19020011499 nömrəli əmri ilə müəyyən edilmiş vəzifə bölgüsünə əsasən həyata keçiriləcək.
Dəyişikliyə gəlincə, 2.8-ci maddə yeni redaksiyada verilir. Belə ki, işəgötürən 1-ci və 2-ci ixtisas sinfini almağa namizəd olan sürücülər nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsi ilə müəyyənləşdirir. Həmçinin sürücüləri bu barədə məlumatlandırır.

2.12 maddədə də dəyişiklik edilib. Dəyişikliyə görə, işəgötürən ixtisas sinfi verilmiş və ya ixtisas sinfindən məhrum edilmiş sürücülərin əmək müqavilələrinə dəyişikliklər edərək nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edir.
Qərar "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və "e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Prezidentin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanının 3.3-cü hissəsinin icrasını təmin etmək məqsədi ilə verilib.

Həmçinin, Prezidentin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.10-cu bəndini rəhbər tutaraq Kollegiya bu qərarı çıxarıb.

www.anews.az
loading...