Şuşada ilk dəfə əmək yarmarkası keçirilib

11:27 | 17.10.2024
Şuşada ilk dəfə əmək yarmarkası keçirilib

Şuşada ilk dəfə əmək yarmarkası keçirilib

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi "Böyük Qayıdış" proqramına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin işlə təmin olunması istiqamətində fəal tədbirlərini davam etdirir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.


Məlumata görə, bu istiqamətdə növbəti tədbir olaraq, Azərbaycan Respublikasının Prezidentinin Şuşa rayonundakı Xüsusi Nümayəndəliyinin dəstəyi ilə Dövlət Agentliyi ilk dəfə Şuşada əmək yarmarkası təşkil edib. Tədbirdə dövlət və özəl sektordan 26 işəgötürən iştirak edib və müxtəlif fəaliyyət sahələri üzrə 250-dən çox vakansiya təqdim olunub.


Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Azərbaycan Respublikasının Prezidentinin Şuşa rayonundakı Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Elşad İskəndərov yarmarkada təqdim olunan vakansiyalarla tanış olub, işəgötürənlərlə görüşüblər. Tədbirdə həmçinin nazirliyin yanında İctimai Şuranın üzvləri, QHT nümayəndələri iştirak ediblər.


Yarmarkada iş üçün müraciət edənlərin qeydiyyatı aparılıb və uyğun namizədlərin müvafiq vakansiyalar üzrə işə qəbul ediləcəyi gözlənilir. İştirakçılara həmçinin özünüməşğulluq proqramı, Qarabağ Peşə Hazırlığı Mərkəzində təşkil olunan peşə hazırlığı kursları haqqında məlumat verilib. Eyni zamanda, özünüməşğulluq proqramında və peşə hazırlığı kurslarında iştirak etmək istəyən sakinlərin qeydiyyatı aparılıb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM