Şuşanı xatırladan üç köhnə FOTO

11:05 | 08.05.2014
Şuşanı xatırladan üç köhnə FOTO

Şuşanı xatırladan üç köhnə FOTO

Modern.az-ın təqdim etdiyi bu fotoların altında müxtəlif tarixlər durur. İlki uzaq 1938-ci ilə aiddir. Səməd Vurğunun pyesi əsasında “Vaqif” tamaşası göstərilib. Şair tamaşada rol almış aktyorlarla premyera günü xatirə fotosu çəkdirib. Qəribə burasıdır ki, o uzaq 1938-ci ildə bu məzmunlu əsər yazmaq niyyətinin özü belə qorxulu idi. “Şair, bəs baş əymədiz” sualının ardınca “Əymədim bəli, əyilməz vicdanın böyük heykəli” mükaliməli pyesin solaxay yozumu mütləq şəkildə Səməd Vurğunun repressiya olunması ilə nəticələnə bilərdi. Amma bu, baş vermədi. Əksinə, 1941-ci ildə xalq şairi “Vaqif”ə görə Stalin mükafatına layiq görüldü. 1947-ci ildə isə sovet işğalı altında olan Berlində bu əsər tamaşaya qoyuldu. Maraqlı burasıdır ki, SSRİ Ali Sovetinin deputatı kimi rəsmi xarici səfərdə olan Səməd Vurğun hətta tamaşanın məşqlərini müşahidə etmək imkanına malik olub. İkinci foto 1982-ci ilin qışında yaddaşa salınıb. Qarabağın sərt qışına baxmayaraq, Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışdır. İlk sırada kimləri görürük? Birinci katib Heydər Əliyev, xalq şairi Süleyman Rüstəm, xalq yazıçısı Mirzə İbrahimov... Ardınca üçüncü foto: 1982-nin yayı. Yenə Şuşa, yenə Vaqifin məqbərəsi önündə tədbir. Heydər Əliyev, İsmayıl Şıxlı, Sabir Rüstəmxanlı (sağda), Mirzə İbrahimov, Nəbi Xəzri, hazırda səfir olan Həsən Həsənov...Bu gün Şuşanın işğalı günüdür. “Vaqif”lə bağlı bu üç fotonun həmin məşum günlə birbaşa bağlı olmasa da, “Vaqif” kəlməsinin özü bizə Şuşanı, düşmənə müqavimət göstərən qalanı xatırladır. Həm də yenidən Vaqifin məqbərəsi önündə toplaşmaq istəyini...Hələ ki ah-naləylə “İlahi, bizi o günə qovuşdur!” demək qalır və haçansa Səməd Vurğunun bu misrasını deməyə ümid: “Alqış tarixdəki o şanlı günə!”ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM