Söyüşcül, davakar avtobus sürücüləri - KÖŞƏ

17:11 | 22.09.2014
Söyüşcül, davakar avtobus sürücüləri - KÖŞƏ

Söyüşcül, davakar avtobus sürücüləri - KÖŞƏ

Avtobus sürücülərinin qeyri-etik hərəkətləri, sərnişinlərlə kobud davranışları, intizamsız idarəçilikləri gündəlik nəqliyyatdan istifadə edən hər kəsi narahat edir. Sürücü-sərnişin qarşıdurması şəhər nəqliyyat sistemində adi hala çevrilib. 

Gündəlik nəqliyyatdan istifadə edən bir vətəndaş kimi bu kimi problemlərlə hər gün qarşılaşıram. Onu deyə bilərəm ki, hər gün evə çatanda sağ qaldığıma, zədələnmədiyimə görə şükür edirəm. Çünki məni mənzil başına çatdıran avtobus qısa məsafədə dəfələrlə qayda pozursa və bu qayda pozuntularının çox ağır bir nəticəsinin olma ehtimalı böyükdürsə, demək ki, bizim həqiqətən şükür etməyimiz lazımdır. 

Bir neçə gün öncə "Sədərək"dən "Avtovağzal" istiqamətində hərəkət edən avtobusa minmişdim. Sürücü ənənəvi olaraq bərk sürür, dayanacaqda çox dayandığı üçün əvəzini yolda daha sürətlə sürməklə çıxmağa çalışırdı. Birdən telefonuna zəng gəldi və başladı uzun-uzadı kimisə söyməyə. Bir əli ilə maşını idarə edir, digəri ilə telefonu qulağına tutub danışırdı. Bir neçə dəqiqə sonra bir nəfər arxadan düşmək istədiyini desə də, buna məhəl qoymadı və xaosun pik nöqtəsi başladı. Bir yandan sürət, digər yandan qulağındakı telefon səsi nəticədə 500-600 metr irəlidə ancaq sərnişinin istəyini yerinə yetirdi. O da başladı təhqirə. Beləliklə yolun ortasında yumruqlaşma başladı, nə başladı. Sərnişinlər zorla bunları ayıra bildi. 

Dünən daha bir hadisə ilə rastlaşdım. Sürücü ona etiraz edib avtobusdan enən qadının arxasınca “e...k boyda arvaddı” deyə ucadan söyməyə başladı. Avtobusdakılar da bu təhqiri eşitməyə məcbur oldular. Ona etiraz etmək də mümkün deyildi. Hər hansı etiraz əlbəyaxa dava demək idi. Bunu da sivil adam etməz.

Və nəhayət, bu gün səhər işə gələndə basırıq avtobusda sürücü 1 km sürdükdən sonra yadına düşdü ki, qapını bağlamayıb. Nəhayət, qapını qəfil bağlayanda əli basırıqdan bayırda qalan sərnişini zədələdi. 

Bu kimi hallar yüzlərlədi. Hər gün ictimai nəqliyyatdan istifadə edən sərnişinlər dəfələrlə belə hallarla qarşılaşırlar. Avtomobil sürməyi normal şəkildə bacaran biri kimi bir avtobusun 30 dəqiqəlik yol boyu ondan artıq qayda pozuntusuna yol verməsi və bunu adi, çox rahat şəkildə etməsi bu sahədə çox ciddi problemlərin olmasını göstərir. Demək ki, cəza sistemi düzgün işləmir və ya işləyirsə belə təsiri çox zəifdir. Sərnişin sürücüyə hansısa etirazı edirsə, bu, əlbəyaxa döyüşlə nəticələnir. 

Bir neçə gün öncə bərk sürdüyünə görə bir qadın sürücüyə etiraz etdi və cavabında “əcəb edirəm, maşın mənimdi, özüm bilirəm necə sürürəm?” cavabını aldı. Əgər o bilsəydi ki, etdiyi bu hərəkətə görə ciddi cəzalanacaq, heç bir zaman belə hərəkət etməz.

Bir neçə ay öncə Nəqliyyat Nazirliyinin katibliyinin müdiri Namiq Həsənov AzərTAc-a açıqlamasında sürücüləri qeyri-etik davranışlardan uzaqlaşdırmaq üçün xüsusi kursların keçiriləcəyini bildirib. 

Nəticədə, sürücülərə yalnız xüsusi kurslardan keçdikdən sonra avtobusu idarə etməyə icazə veriləcək. Kurslarda sürücülərə yol hərəkəti qaydaları ilə yanaşı, etik normalar da öyrədiləcək.Həmçinin daha peşəkar sürücülərin hazırlanması üçün sürücülük bazası yaradılacaq və yaxın gələcəkdə ictimai nəqliyyatda sürücü işləmək istəyənlər xüsusi imtahan əsasında seçiləcəklər. Avtobus sürücüləri 21 yaşını tamamlamış, 3 il sürücülük təcrübəsi və "D" kateqoriyalı sürücülük vəsiqəsi olan şəxslər arasından seçiləcəkdir. 

2015-ci ildə Bakıda ilk Avropa Olimpiya oyunları keçiriləcək. Gələn xarici qonaqların hamsına xüsusi maşınlar ayırmaq paraktik cəhətdən qeyri-mümkün olacaq. Belə olan halda, bir “yaxşı” sürücünün idarə etdiyi avtobusa minərsə, təsəvvür edin onda yaranacaq Bakı təəsüratını nə olacaq?!

Həqiqətən, bu gün müasirləşən və görünüşü baxımdan dünyanın aparıcı şəhərləri ilə müqayisə olunan Bakı üçün bu formada sistemsiz nəqliyyat yaraşmır. Gələn xarici qonaqların şəhəri gəzərkən avtobuslarımıza minəsi olsa, Bakı haqqında düşüncəsi alt-üst olacağı mütləqdir. Çünki mədəniyyət elə yoldan başlayır. Biz isə bu sahədə çox pis axsayırıq... 

Mehman Həsən 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM