Azərbaycan elminə ağır itki üz verib.
Modern.az xəbər verir ki, 21 yanvarda görkəmli seleksiyaçı-toxumçu alimi, ömrünün əlli ildən artıq bir dövrünü müqəddəs nemətimiz olan buğdanın tədqiqatlarına həsr etmiş, Milli Kənd Təsərrüfatı Tədqiqatları Sisteminin inkişafında böyük xidmətləri olmuş, uzun müddət Aqrar Elm Mərkəzinə və Əkinçilik Elmi-Tədqiqat İnstitutuna rəhbərlik etmiş, Əsəd Cənnət oğlu Musayev 80 yaşında dünyasını dəyişib.
Ə.C.Musayev elmi fəaliyyəti dövründə geniş əhatəli tədqiqat işləri aparmış, böyük elmi nəticələr əldə edib. Bu tədqiqat işləri nəticəsində yüzlərlə buğda, çovdar və digər dənli bitkilərin təbii hibrid formaları toplanıb ki, həmin təbii hibrid formaları sonralar seleksiya işlərində yeni taxıl sortlarının yaradılması üçün hibridləşmədə geniş istifadə edilib.
Rəhbərlik etdiyi "Bitki seleksiyası” şöbəsində bir sıra buğda, arpa, qarğıdalı, soya, lobya, noxud, tritikale bitkilərinin 20 mindən çox genofondunun toplanmasına nail olunub. Dənli, dənli-paxlalı bitkilərin 90-dan çox sortu yaradılıb, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə verilib. İndiyədək onlardan 47-si rayonlaşıb və patentləşib.
Bu sortlar hər il respublikada 600 min hektardan artıq sahədə əkilir. Ə.C.Musayev SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin Baş Komitəsi tərəfindən yüksək məhsuldar, keyfiyyətli bərk buğda sortlarının yaradılması və tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə bürünc, gümüş, qızıl medallarla, həmçinin "Şərəf nişanı” ordeni ilə təltif edilmis, əməkdar k/t işçisi fəxri adına və Prezidentin fərdi təqaüdünə layiq görülüb.
Ə.C.Musayevin seleksiya tədqiqatları beynəlxalq kənd təsərrüfatı təşkilatları tərəfındən yüksək qiymətləndirilib. Hazırkı qlobal iqlim dəyişikliyi şəraitində istiliyə və quraqlığa davamlı sortların yaradılması məqsədi ilə kompleks proqramların hazırlanması və həyata keçirilməsində Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları Məsləhət Qrupuna (CGİAR) daxil olan 15 elm mərkəzinin bir çoxu ilə (İCARDA, CİMMYT, İPGRİ, CİP, İLRİ, İWMI, İCRİSAT və s.) səmərəli elmi-texniki əmakdaşlıq əlaqələrinin yaradılmasında məqsədyönlü fəaliyyət göstərib.
Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları Məsləhət Qrupunun Mərkəzi Asiya və Cənubi Qafqaz regionu üzrə Kənd Təsərrüfatının Davamlı İnkişafı üzrə birgə Proqramının rəhbər Komitəsinin üzvi seçilib. Məhz bu əməkdaşlığın nəticəsi olaraq yumşaq buğdanın "Əzəmətli 95”, "Nurlu 99”, "Qobustan”, "Ləyaqətli 80”, arpanın "Baharlı”, "Qüdrətli 48”,noxudun "Nərmin”, "Sultan” sortları yaradılaraq bu illər ərzində rayonlaşdırılıb.
Bitkiçilik, seleksiya və toxumçuluğa dair 160-dan çox elmi əsərin, tövsiyə, kitabça və kataloqların müəllifi olan Ə.C.Musayev Əkinçilik ET İnstituta rəhbərlik etdiyi dövrdə elmi kadrların hazırlığı işinə xüsusi fikir vermiş, 120 fəlsəfə və 5 elmlər doktoru hazırlanıb.
Allah rəhmət eləsin!
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !