Bu gün 125-lər siyasi klubu təsis edilib. “Qafqazinfo” xəbər verir ki, klubun əksər təşəbbüskarlarının iştirakı ilə keçirilən təsis toplantısında yeni yaranmış bu qurumun əsasnaməsi təsdiq edilib, bəyannaməsi imzalanıb. Təsis yığıncağında həmçinin, 125-lər siyasi klubunun strukturu və rəhbər orqanları müəyyən edilib. Əsasnaməyə uyğun olaraq, gizli səsvermə yolu ilə sədr və müavinlər seçilib. Klubun sədri məşhur jurnalist İlhamiyyə Rza, müavinlər isə ictimai və peşə fəaliyyətləri ilə tanınan Anar Qasımlı, Günel Səfərova, Xalisə Şahverdi və Üzeyir Cəfərov seçilib.Növbəti mərhələdə klubun ictimaiyyətə təqdimat mərasimi nəzərdə tutulub. Xatırladaq ki, klubun üzvləri 2015-ci il parlament seçkilərində iştirak etmək məqsədilə təşkilatlanaraq, ölkənin siyasi proseslərində fəal iştirak etmək niyyətindədirlər.Qurumun bəyannaməsində bildirilir ki, ölkə qarşısında dayanan problemlərin həlli üçün daha çox insanın proseslərə cəlb olunmasına, ictimai siyasi hadisələrin mərkəzində yer almasına, ictimai nəzarət mexanizminin hərəkətə gətirilməsinə ehtiyac var. Demokratikləşmə, hüquqi dövlət quruculuğu prosesində fəal vətəndaşlarımız nə qədər çox iştirak edərsə, uğurlarımız da bir o qədər cox olar: “Bütün bunları nəzərə alaraq, bir qrup ictimai-siyasi həyatda aktiv iştirak edən vətəndaş, ölkəmizin demokratikləşməsinə öz töhfəsini vermək üçün 125-lər klubunda birləşərək, Azərbaycanda demokratik idarəçilik sisteminin yaradılması, milli dəyərlərin qorunması, barış və əminamanlığın həm ölkədə, həm də regionda bərqərar olması naminə fəaliyyət göstərəcəyini bəyan edir. Bəyan etdiyimiz məqsədlərlə siyasi birlik olaraq, 2015- ci il parlament seçkilərində iştirak edəcəyik”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !