Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında əsas heyətlə mübarizə aparmayacaq. Apasport.az saytının əldə etdiyi məlumata görə, Türkiyə və Bolqarıstanın ardından yığmamızın da yarışda gəncləri sınaqdan keçirəcəyi dəqiqləşib. Belə ki, Faiq Qarayev ilk dəfə qatılacağımız turnirdə təcrübəli voleybolçularımız Natalya Məmmədova, Oksana Parxomenko, Kseniya Kovalenko, Yelena Parxomenko və Natəvan Qasımovanın köməyindən istifadə etməyəcək. Həmçinin, Valeriya Korotenko və Odina Əliyevanın da heyətdən yer almayacağı əvvəlcədən bəlli idi. Çünki onlardan liberomuz analıq məzuniyyətində, digəri zədədən sonra bərpa prosesi keçir. Polina Rəhimovanın isə yeni klubu “Hyundai” ilə tanışlıq məqsədi ilə Cənubi Koreyaya yollanacağı gözlənilir. Lakin onun müəyyən görüşlərdə oynayacağı da istisna edilmir. Beləliklə, komandamızın Avro-2015-in II təsnifat mərhələsində oynadığı əsas heyətindən cəmi 3 voleybolçu - Oksana Kiselyova, Ayşən Abduləzimova və Yana Ağayeva Avropa Liqasında da heyətdə yer alacaq. A qrupunda Bolqarıstan, Türkiyə və Sloveniyaya qarşı oynayacaq millimiz onlarla yanaşı, Anastasiya Qurbanova, Yekaterina Jidkova, Ceyran Əliyeva, Aynur Kərimova, Şəfaqət Həbibova, Kseniya Pavlenko, Aleksandra Prupas və İrina Makarenkoya şans verəcək. Qeyd edək ki, komandamız ilk matçını iyunun 6-da Sofiyada Bolqarıstana qarşı keçirəcək. Avropa Liqasında komandamızı oyunlara Aleksandr Çervyakov və ya Vüqar Əliyevin çıxarması da gözləniləndir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !