İyunun 8-də Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.
Şuranın Katibliyindən APA-ya verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli Qərarı ilə təsdiq edilmiş "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası"na uyğun olaraq, "Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat" və bəyannamə formaları təsdiq edilib.
Təlimat özündə dövlət qeydiyyatına alınmış dərman vasitələri üçün bazis qiymətlərin müəyyən edilməsi, həmin dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin hesablanması üsullarını ehtiva edir. Tənzimləmə təcrübəsi və dərman vasitələrinin qiymətləri üzrə informasiya mənbələrinə çıxış imkanları nəzərə alınmaqla, 10 istinad ölkəsi (Türkiyə, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Polşa, Macarıstan, Bolqarıstan və Sloveniya) seçilib.
Qiymət tənzimlənməsi məqsədilə təsdiq edilmiş bəyannamə formaları dərman vasitələrinin istehsalçıları və ya onların müvəkkil etdiyi şəxslər tərəfindən doldurularaq, 2015-ci il 9 iyun tarixindən etibarən müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyinə təqdim olunmalıdır.
Qərara uyğun olaraq, Tarif (qiymət) Şurasının Katibliyi dərman vasitələri üçün qiymət bəyannamələrinin təqdim edilməsi, onların təhlili və dərman vasitələrinin qiymətlərinin müəyyənləşdirilməsi prosesinin intensivləşdirilməsi məqsədilə işlərin aidiyyəti subyektlərlə koordinasiyalı şəkildə həyata keçirilməsini təmin edəcək.
"Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası", "Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat", orijinal və generik dərman vasitələri üçün təsdiq edilmiş qiymət bəyannamə formaları və istinad ölkələrində dərman vasitələrinin qiymətləri üzrə informasiya mənbələri barədə məlumatlar Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsinin (www.tariff.gov.az) "Dərman vasitələri" bölməsində yerləşdirilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !