Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadənin "AMEA-da əqli mülkiyyətin yaradılması, qorunması və istifadəsi prosesinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamı ilə əlaqədar AMEA-nın Tarix İnstitutu tərəfindən təkliflər hazırlanıb və institutun Elmi Şurasının iclasında səsləndirilib.
İnstitut direktoru, akademik Yaqub Mahmudovun sədrliyi ilə keçirilən Elmi Şuranın iclasında Türkiyə, Rusiya və digər ölkələrdə olduğu kimi Azərbaycanda da "Tarix” adlı yeni televiziya kanalının açılması, institut nəzdində "Sənədli filmlər studiyası”nın yaradılması təklif olunub və institutun Azərbaycanın təhsil müəssisələri ilə əməkdaşlığının genişləndirilməsi qərara alınıb.
Tarixçi-alim Vasif Qafarov ermənilərin törətdiyi soyqırımlar zamanı Azərbaycanın məruz qaldığı itki və tələfatların hesablanıb vahid bir rəqəm müəyyənləşdirilməsi ilə bağlı təkliflərini hazırlayaraq Tarix İnstitutunun Elmi Şurasına təqdim edib. Xatırladaq ki, Elmi Şuranın 2 iyun tarixli iclasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya tarixçi V.Qafarovun soyqırımlar zamanı Azərbaycanın məruz qaldığı itki və tələfatların vahid bir rəqəm halına gətirilməsi ilə bağlı müraciəti geniş müzakirə olunub və konkret qərarlar qəbul edilib.
Daha sonra iclasda "Azərbaycan mədəniyyət tarixi: inkişafın əsas mərhələləri” adlı toplunun nəşrə hazırlanması istiqamətində müzakirələr aparılıb və bu iş Tarix İnstitutunun "Azərbaycan mədəniyyəti tarixi” şöbəsinin müdiri Tamilla Musayevaya həvalə olunub.
Elmi Şuranın qərarı ilə professor Tofiq Mustafazadənin hazırladığı "Azərbaycan tarixi Həştərxan Vilayət Dövlət Arxivinin materiallarında” adlı sənədlər toplusu və tarixçi-alim Nigar Gözəlovanın "XIX əsrin birinci yarısında Böyük Britaniyanın şərq siyasətində Azərbaycanın yeri” monoqrafiyası çapa məsləhət görülüb.
Sonda Tarix İnstitutunun rəsmi saytının son durumu geniş müzakirə edilib və onun daha da təkmilləşdirilməsi barədə qərar qəbul edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !