Rəbiqə NAZİMQIZIBu gün azərbaycanlılar arasında istirahət üçün Gürcüstana getmək dəbdədir. Qiymətlər ucuz, məsafə yaxın... Ən pis halda, çətinliyə düşsən, qonşu ölkədə xeyli soydaşımız yaşayır, onlara müraciət etmək olar. Elə bu səbəblərdən təxminən 4-5 gün dincəlmək üçün Gürcüstanı, daha dəqiq desəm, paytaxt Tbilisini seçdim. Yolda düşməzdən əvvəl internet vasitəsilə ucu otellərin siyahısını axtardım və şərtlərimə uyğun bir yer tapdım. Gürcü dostlar sağ olsunlar, rezervasiya məsələsində yardım etdilər. Otel və şərait məsələsinə az sonra qayıdacağam. Qalırdı məni Tbilisiyə aparacaq nəqliyyat vasitəsini seçmək. Təyyarənin qiymətləri jurnalist cibi üçün uyğun olmadığından avtobusla qatar arasında seçim etməli oldum. Avtobusla Bakıdan Tbilisiyə gedişhaqqı cəmisi 13 manatdır, sərfəlidir, amma qar-yağış üzündən yollar təhlükəli ola bilərdi, üstəlik, gecələmək üçün qatar daha əlverişlidir. Beləliklə, dəmiryol vağzalına yaxınlaşıb "Bakı-Tbilisi" qatarına bilet aldım. Kassir 29 manatlıq bileti mənə 3 manat artığına "sırıdı". Səbəbini soruşanda söylədi ki, üç manat yataq dəstinin qiymətidir. Hərçənd, yataq dəstinin xərci elə biletinin qiymətinə daxil olmalıdır, amma mübahisə eləmədim. Yeri gəlmişkən, bir az "qabağa qaçıb" bildirim ki, Tbilisi vağzalında cəmi iki kassada bilet satırdılar. Üstəlik, kassirlərin olduqca ləng tərpənmələri uzun növbə yaratmışdı. Bununla belə, orada bileti öz qiymətinə ala bildim.Qatarla səyahət etmək maraqlıdır, üstəlik kupelər təmiz, isti və bələdçi qadınlar xoşsifətdirlərsə. Gedəndə bəxtim gətirdi. Amma qayıdanda vəziyyət xeyli fərqli oldu, vaqonda ayaqyolu işləmirdi, sərnişinlər təbii ehtiyaclarını ödəmək üçün qonşu vaqona keçməli olurdular, qapıda növbə yaranırdı. Şikayətlənəndə isə bələdçilər bildirirdilər ki, vaqonda su bitib.Tbilisidə qaldığım otel mərkəzi küçədə yerləşirdi. Gecəsi 80 lari - bizim pulla 40 manat. Təmirsiz otaqlar yaxşı qızdırılmışdı və səhər yeməyi də qiymətə daxil idi, bundan əlavə qonaqlar gün və gecə boyunca pulsuz çay və kofe içə bilərdi. Amma məlum oldu ki, netdəki reklam elanlarında yazılanlara inanmaq heç də yaxşı hal deyil. Məsələn, nömrəmdə televizor olsa da, qəbuledici antenn işlək vəziyyətdə deyildi."Wi-Fi"dan isə yalnız mehmanxananın yemək üçün nəzərdə tutulan ümumi zalında istifadə etmək mümkün idi. Mini-bar və soyuducu barədə yazılanlar da özünü doğrultmadı, otağımda nə birinciyə, nə ikinciyə rast gəldim. Özümə təsəlli verdim ki, Tbilisiyə netdə gəzişməyə gəlməmişəm və istilik sisteminin olması burada gecələri keçirmək üçün kifayətdir.Tbilisidəki qiymətlərə gəlincə, bu mənada orada dincəlmək əlverişlidir. Ərzaq da, xidmətlər də ən azı iki dəfə ucuzdur. Məsələn, Bakı ilə müqayisədə orada yeganə baha olan məqam metro və avtobusun qiymətləridir, bizim pulla cəmisi 5 qəpik fərqlə. Taksi isə 3-5 lariyə (bizim pulla 1.5-2.5 manat) şəhərin istənilən yerinə getmək mümkündür. Sürücülər Gürcüstanda benzinin bahalığına rəğmən bu ucuzluğu belə izah edirlər: işsizlik baş alıb gedir və hamı çörəkpulunu taksidən çıxarmaq istəyir.Restoranlarda nahar və şam etmək də şərfəlidir. Məsələn, 20 lariyə bir pors xarço supu, salat və litr yarım gürcü şərabı içə bilərsən. Restoranlar isə müxtəlifdir: milli, Avropa, rus, türk, Azərbaycan. Hə, deyim ki, milli təəssübkeşlik hisslərindən çıxış edib Şarden küçəsindəki Azərbaycan restoranına baş çəkdim. Bir pors kabab, pomidor-xiyar salatı sifariş etdim, üstündən mürəbbə ilə çay içdim və bu mənə təxminən 45 lariyə - bizim pulla 22.5 manata başa gəldi. Gürcü restoranlarıyla müqayisədə iki dəfə baha!Hə, onu da deyim ki, Tbilisidə taksi sürücülərindən "maraqlı" təkliflər ala bilərsən. Əgər Bakıdan olduğunuzu bildilərsə, sizi yarızarafat, yarıgerçək striptiz kluba və ya kazinoya baş çəkməyi tövsiyyə edəcəklər. Axı qonşularımız yaxşı bilirlər ki, bizdə bu tip müəssisələr - dincəlmək üçün bu tip gecə klubları yoxdur.Bir sözlə, beş günlük istirahət üçün sizə 300-400 manat kifayət edəcək. Əlbəttə, sonda xatırlatdığım müsəssisələrə baş çəkmək niyyətində olmasanız...
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !