TƏBİB “Həmişə ayaq üstə” layihəsi keçirəcək

"TƏBİB-in İxtisas gündəliyi" proqramı çərçivəsində beynəlxalq sümük-əzələ sistemi xəstəlikləri günləri ilə əlaqədar "Həmişə ayaq üstə” layihəsi baş tutacaq. Bu barədə TƏBİB-dən məlumat verilib.
"Həmişə ayaq üstə” layihəsi çərçivəsində Göyçay, Kürdəmir, Zərdab, Ucar rayonlarının vətəndaşları baş tutacaq tibbi müayinələrdən yararlanmaq üçün adıçəkilən tibb müəssisələrinin Qeydiyyat bölməsinə müraciət edə bilərlər.
www.anews.az
TƏBİB-in təşkilatçılığı və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə keçirilən layihə çərçivəsində 22-23 oktyabrda Göyçay Rayon Mərkəzi Xəstəxanasında sümük-oynaq, sinir ağrılarından əziyyət çəkən vətəndaşlara, həmçinin epilepsiya, psixi-fiziki inkişaf ləngiməsi, serebral iflic, febril qıcolma, pleksopatiyadan əziyyət çəkən uşaqlara Bakı şəhərində yerləşən TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən uzman və ixtisaslı həkimlər (travmatoloq-ortoped, revmatoloq, nevroloq, uşaq nevroloqu, endokrinoloq, uşaq endokrinoloqu, terapevt) tərəfindən tibbi xidmətlər göstəriləcək.
Oktyabrın 24-də isə Göyçay Rayon Mərkəzi Xəstəxanasında Göyçay-Kürdəmir tibbi ərazi bölməsinə aid olan - Göyçay, Kürdəmir, Zərdab, Ucar rayonlarında yerləşən tibb müəssisələrinin həkim heyəti üçün seminarların təşkili, həmçinin vətəndaşların maarifləndirilməsi üçün müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
www.anews.az