Ötən gündən başlayaraq Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırışların sayı artıb.Stansiyadan ANS PRESS-ə verilən məlumatlara görə, çağırışların sayı şaxtalı və qarlı hava ilə əlaqədar adi günlərə nisbətən artıb. Çağırışların çoxu avtoqəzada xəsarət alanlar, dəm qazından zəhərlənənlər və buzlu yolda yıxılaraq xəsarət alanlarla bağlıdır.Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından onu da bildirdilər ki, paytaxt küçələrinin buz bağlaması nəticəsində təcili tibbi yardım maşınlarının hərəkəti çətinləşib.Əsasən Binəqədi, Yasamay, Yeni Günəşli istiqamətində yollarda hərəkət mümkünsüz olub. Hətta çağırışa gedən bir neçə təcili yardım maşını bataraq yolda qalıb. Hətta həmin maşınların çıxarılması üçün Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri işə qarışmalı olub. Hazırda stansiyanın xüsusi qışa hazır olan təcili yardım maşınları da əhaliyə xidmət göstərir.“Vətəndaşlardan xahiş edirik ki, zərurət olmadığı təqdirdə lazımsız yerə təcili yardıma müraciət etməsinlər. Elə elementar şeylərdən ötrü təcili yardımı çağırırlar, maşın o xəstənin üstünə çətinliklə gedib çatır, ağır xəstə qalır bir tərəfdə, biz həmin xəstələrin üstünə gecikirik. Ciddi bir şey yoxdursa, təcili yardımı ünvana çağırmasınlar, əvəzində zəng edib telefonla məsləhət alsınlar. Ağır xəstələr, travmalar, doğuşlar, qanaxmalar, sudurğalar, uşaqlarda yüksək hərarət, insult, infarkt, yüksək təzyiq olan hallarda təcili yardım çağırsınlar. İnsanlar başa düşməlidir ki, elementar şeylərdən ötrü həkimi çağırmaq başqa ağır xəstələr üçün nə qədər problemlər yaradır”, - deyə stansiyadan bildirilib.Qeyd edək ki, ötən gün paytaxtda təcili yardıma 1700-dən çox müraciət daxil olub. Ən çox müraciətlər isə yol qəzaları ilə bağlıdır. Bu gecədən isə müraciətlərin sayı daha da çoxalıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !