Təhsil İnstitutu Azərbaycanda 3-4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb oluna bilməməsi və ya əhatəlilliyin arzuolunan səviyyədə olmamasının səbəblərini araşdırıb.
APA-nın xəbərinə görə, Təhsil İnstitutunun "3 və 4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması layihəsi” üzrə yekun hesabatında bildirilib ki, Azərbaycanda 1991-ci ildən 2016-cı ilədək məktəbəqədər təhsil müəssisələrinin sayı 2185-dən 1722-ə düşüb. Onlardan 1004 müəssisə şəhərlərin və yalnız 718 müəssisə rayonların payına düşür.
Hesabatda deyilir ki, Azərbaycanda, xüsusilə Bakıda məktəbəqədər təhsil müəssisələrində mövcud yerlər uşaqbaşına sayı üçün azlıq təşkil edir: "Buna baxmayaraq, hər il yeni özəl bağçalar da fəaliyyətə başlayır. 2016-cı ilin yanvar ayı üçün 66 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi qeydə alınıb. Lakin özəl bağçalarda ödəniş orta gəlirli azərbaycanlı ailə üçün yüksək hesab oluna bilər. Özəl bağçalarda aylıq ödəniş orta hesabla 300-400 manat, daha keyfiyyətli özəl bağçalarda 600-700 manat təşkil edir. Bir çox ailələrin isə aylıq bu ödənişi etmək imkanı olmur”.
Hesabatda o da qeyd olunub ki, 2016-cı ilin məlumatına əsasən məktəbəqədər təhsil müəssisələrinin 32%-də (1683 ailə) məcburi köçkün və qaçqın ailələri yaşayır: "Bu da onsuz da sayı az olan məktəbəqədər təhsil müəssisələrinin təxminən üçdə birinin öz təyinatına uyğun istifadəsinə mane olur və beləcə ailələrin yaşadığı əraziyə yaxın məktəbəqədər təhsil müəəssisəsi tapmasına çətinlik yaradır”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !