Təhsil Nazirliyinin siyahısında ABŞ universitetlərinin yerini Rusiya tutub - KÖŞƏ

Zəfər Əliyev
Artıq bir neçə ildir ki,
ölkəmizdə "Gənclərin xarici ölkələrin nüfuzlu ali
təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət
Proqramı” icra olunur. Prezident
İlham Əliyevin 28 fevral 2022-ci il tarixli Sərəncamı ilə
təsdiq edilmiş bu Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu
ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, onların Azərbaycan
Respublikasının gələcək inkişafını təmin edəcək və qlobal çağırışlara cavab
verəcək müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara
yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən
rəqabət qabiliyyətli və yüksək ixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını
təmin etməkdir.
Təhsil Nazirliyinin məlumatına görə, Dövlət Proqramının icrası müddətində hər il 400 nəfərdən çox olmamaqla,
ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu
ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura
səviyyələrində təhsil alması təmin edilir.
Dövlət
Proqramı üzrə nəzərdə tutulan tədbirlərin icrasının maliyyələşdirilməsini Azərbaycan
Respublikasının Dövlət Neft Fondu təmin edir. Əsas icraçı orqan isə Təhsil Nazirliyidir.
Eyni zamanda prioritet ixtisas sahələrinə uyğun təhsil proqramlarının nüfuzlu
xarici ali təhsil müəssisələri üzrə siyahısının hazırlanması ilə Təhsil Nazirliyi
məşğul olur. Xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və
prosedurlarının müəyyən edilməsi isə Nazirlər Kabinetinin səlahiyyətindədir. Dövlət Proqramında
nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan
Respublikası Elm və Təhsil Nazirliyinin
sifarişi əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata
keçirir.
"2022-2026 Dövlət Proqramı” ilkin dövrdə icra
ediləməyə başlayanda tələbələrimzin nüfuzlu ali təhsil ocaqlarına göndərilməsi
sahəsində xeyli iş görülmüşdü. Lakin çox təəssüf ki, sonradan Dövlət Proqramına
uğursuz və özünü doğrultmayan subyektiv və dövlət başçısınını sərəncamı ilə
nəzərdə tutulmayan düzəlişlər edilməyə başlanıldı. Onlardan birinci məqam ondan
ibarətdir ki, Dövlət Proqramının xarici universitetlər siyahısının bakalavr
pilləsindən nədənsə ABŞ və Kanada ali təhsil müəssisələri əksəriyyəti
çıxarıldı. Halbuki, Amerika və Kanada universitetləri ən keyfiyyətli təhsil
verən təhsil ocaqlarndan biri hesab edilir.
Dövlət Proqramı icra ediləməyə
başlayan ilk illərdə bu sənəddə ABŞ və Kanada universitetlərinin bakalavr
pilləsi var idi. Bu baxımdan ABŞ və Kanada universitetlərinin Dövlət
Proqramından indi çıxarılması ciddi suallar doğurur. Lakin bu azmış kimi
bununla paralel şəkildə siyahıda Rusiya ali məktəblərinin sayının daha da
artması digər bir təəssüfedici addım oldu.
Günü-gündən beynəlxalq aləmdən
təcrid edilən, təhsil və sosial standartları sürətlə aşağı düşən Rusiya və onun
universitetlərinə Dövlət Proqramında daha çox yer ayırmaq hansı zərurətdən
yaranıb?
Təhsil Nazirliyi bunu Şimali Amerika universitetlərində təhsilin Rusiyadan daha daha bahalı olması ilə izah edib. Amma bu həm sırf təhsil, həm də siyasi baxımdan kökündən səhv yanaşmadır. Bir azərbaycanlı gənci Amerikada oxutdurmaq üç tələbəni Rusiyaya göndərməkdən daha faydalı deyilmi? Hələ gec deyil, bu yanlışlığı düzəltmək, Amerika və Kanada ali məktəblərinin bakalavr səviyyəsinin qapılarını istedadlı gənclərin üzünə açmaq lazımdır. Nəzərə almaq lazımdır ki, 5-10 il öncə məhz
ABŞ və Kanadada təhsil alıb qayıtmış gənclərimiz bu gün Azərbaycanın dövlət
idarəetməsi, biznes, elm və digər sahələrində aparıcı mövqelər tutublar. Elə
hörmətli Elm və Təhsil nazirimiz Emin Əmrullayevin özü də ABŞ-ın Kolumbiya
uinvestitetinin məzunudur.Bizim digər yüksək vəzifəli gənclərimiz də
təhsillərini məhz Qərbdə başa vurublar. Aydındır ki, Amerika universitetlərinin
məzunları daha irəliyə gedir və uğur qazanırlar, nəinki Rusiya ali məktəblərini
bitirmiş gənclər. Bu baxımdan Dövlət Proqramı siyahısınının bakalavr
səviyyəsindən Amerika və Kanada univesitetlərinin çıxarılması və Rusiya ali
məktəblərinin çoxalması anlaşılmazdır.
Sual yaradan digər məqam isə kvota ilə baglıdır. Belə ki, rəsmi məlumata görə Dövlət Proqramında hər il 400 tələbə üçün yer ayrılır. Onlardan cəmi 80 nəfər bakalavr, 320 nəfər isə magistr pilləsi üçün nəzərdə tutulur. Lakin Təhsil Nazirliyi nümayəndələrinin açıqlamasına görə, son qəbul zamanı bakalavr pilləsi üçün 80 nəfərlik kvota tam dolmuş, lakin 320 nəfərlik magistr kvotası isə dolmamışdır. Bu o deməkdir ki, bu gün gənclərimiz arasında bakalavr pilləsinə daha böyük təlabat var, nəinki magistr. Bunu nəzərə alaraq kvota faizini bir qədər bakalavr pilləsinin xeyirinə dəyişmək məntiqli və düzgün olardı.Magistr pilləsində boş yerlə qalmaqdansa, bu kvotanı bakalavr pilləsinə vermək ədalətli və əsaslandırılmış qərar olardı. Əgər müvafiq qaydalarda belə bir bölgü əks olunubsa, bunu bir daha nəzərdən keçirmək mümkündür. Bu qayda ölkənin əsas qanunu deyil və onu günün tələbinə uyğunlaşdırmaq Nazirlər Kabineti və Təhsil Nazirliyinin öhdəsinə düşür.Görünən odur ki, bakalavr pilləsinə daha ciddi təlabat var, nəinki magistr pilləsinə. Bu baxımdan faiz bölgüsü 50/50 olsa daha düzgün olar.
Çox ümidvarıq Təhsil Nazirliyi, Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi və digər aidiyyatı qurumlar yuxarıda deyilənləri nəzərə alacaq və Dövlət Proqramının 2025-26 tədris ili üzrə qəbulu yenilənmiş qaydalar çərçivəsində həyata keçirəcəklər.
www.anews.az
Son xəbərlər
Daha çox 