Təhsildə yenilik: Əllə yazı ləğv olunur

09:24 | 05.03.2015
Təhsildə yenilik: Əllə yazı ləğv olunur

Təhsildə yenilik: Əllə yazı ləğv olunur

Bu gün bəzi dünya ölkələrində, xüsusilə də Avropadakı məktəblərdə əllə yazının ləğv edilməsi fikirləri ortaya çıxıb.

Əllə yazının ləğv edilməsinin tərəfdarları hesab edirlər ki, kompüter texnologiyalarının inkişaf etdiyi bir dövrdə məktəblilərə əllə yazı öyrədilməsi lazımsız bir proses və vaxt itkisidir. Mütəxəssislər hesab edirlər ki, bu günün insanı, onsuz da əl yazısından nadir hallarda istifadə edirsə, məktəblərdə uşaqlara belə hüsnüxətt dərslərinin keçirilməsi lazımsızsdır. Bəs azərbaycanlı mütəxəssislər necə düşünürlər? Ölkəmizdə də belə prosesin reallaşması mümkündürmü?

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərov hesab edir ki, qeyd olunanlar ümumdünya prosesidir və Azərbaycanın bu proseslərdən kənarda qalması mümkünsüzdür. "Qafqazinfo” xəbər verir ki, N.Cəfərov Milli.Az-a açıqlamasında deyib: "Bir vaxtlar Avropa ölkələrinin özündə də hüsnüxətt yazısı, gözəl yazı nümunə hesab olunurdu. Ancaq bu gün kompüter əsridir. İlk yaşlardan uşaqlara kompüter tədris olunur. Azərbaycanda da bir zamanlar hüsnüxətt qaydalarına xüsusi diqqət yetirilir və ayrıca hüsnüxətt dərsləri keçirilirdisə, ancaq bu gün həmin dərslərə ehtiyac qalmayıb".

Professor Cəfərov hesab edir ki, gələcəkdə əl yazısı olmayacaq. Ancaq həmin proses tədricən getməlidir. "Bunun üçün mükəmməl bir texnologiya lazımdır. Bütün məktəblərin, siniflərin və şagirdlərin kompüterlə təmin olunması lazımdır. Bu da tədricən gedən prosesdir və bu proses gedir", - o qeyd edib.

Bu gün əl yazısının birdən-birə yığışdırılmasının real olmadığını deyən N.Cəfərov əlavə edib ki, birinci mərhələdə əl ilə yazı yavaş-yavaş yığışdırılmalıdır. "Bu hissə-hissə olur. Vaxtilə Azərbaycanda dövlət idarələrinə müraciət ediləndə, əl yazısı ilə ərizə tələb olunurdusa, bu gün elektron şəkildə yazılmış və çap olunmuş ərizə kifayət edir. Həmin vaxtlar vətəndaşlara əl yazısı ilə cavab verilirdi. Hətta rəsmi sənədlər də əl yazısı ilə hazırlanırdı. O dövr artıq keçdi və tədricən fərqli proses gedir", - o vurğulayıb.

N.Cəfərov, həmçinin qeyd edib ki, məktəblilərdə əllə yazı qaydalarının öyrədilməsi üçün xeyli vaxt gedir. Bundan başqa, kağız, qələm, karandaş və s. vasitələr lazım olur.  "Əgər gələcəkdə hər kəsin cibinə qoyub daşıyacaq bir kompüter olacaqsa, həmin kompüterdə yazılan informasiyaları lazımi yerlərə ötürmək mümkün olacaqsa, onda əllə yazıya ehtiyac qalmayacaq. Bu, sadə mexanizmlər bir sıra sahələrdə tətbiq olunur. Əl yazısı aradan tədricən çıxmalıdır və çıxacaq. Proses ona doğru gedir", - deyə o vurğulayıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM