Təkrar nəşrə göndərilən orfoqrafiya lüğətində nə dəyişməlidir? - ŞƏRH

09:30 | 26.01.2022
Təkrar nəşrə göndərilən orfoqrafiya lüğətində nə  dəyişməlidir? - ŞƏRH

Təkrar nəşrə göndərilən orfoqrafiya lüğətində nə dəyişməlidir? - ŞƏRH

Azərbaycan dilinin Orfoqrafiya lüğətinin son redaksiyasına dildə işlənən bir neçə söz  salınmayıb və bu məqamlar  ictimaiyyət arasında etirazla qarşılanıb. Həmin etirazlar nəticəsində lüğət ikinci dəfə nəşrə göndərilib. 
 
Bəs, yenidən nəşr olunacaq orfoqrafiya lüğətində hansı dəyişikliklər edilməlidir?
 
Sosial şəbəkə istifadəçilərinə Azərbaycan dilini düzgün öyrətmək üçün təsis edilmiş "Grammar Azi" feysbuk səhifəsindən Anews.az-a bildirdilər ki, cəmiyyətin həyatında baş verən hadisələr, dəyişikliklər hər zaman dildə öz əksini tapır. Səhifə admininin cavabına görə, xarici mənşəli olan, həmçinin danışıq dilində  yaranan  sözlər  "ələnərək” orfoqrafiya lüğətinə daxil edilməlidir. 

"Qeyd edək ki, "Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunda yazılıb: "Müvafiq icra hakimiyyəti orqanı 5 ildə bir dəfədən az olmayaraq yazı dili normalarını təsbit edən lüğətin (orfoqrafiya lüğətinin) nəşr olunmasını təmin edir”. Buna baxmayaraq, son 3 lüğət arasındakı zaman aralığı 8-9 il təşkil edir. Doğrudur, 2016-cı ildə AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən "Yeni sözlər və yeni mənalar lüğəti” də nəşr olunmuşdu, amma o lüğətdə də təzadlı halların və nöqsanların sayı az deyildi. Buna misal olaraq lüğətin bir səhifəsində "PlayStation” brendinin adının transliterasiyada "pleysteyşn”, digər səhifəsində isə "pleysteyşen” formasında verilməsini və ya "monitor” sözünün "manitor” kimi yazılışını göstərmək olar. "Yeni terminlər lüğəti” də nəşr olunmuşdu. Bütün bu nöqsanlara baxmayaraq, belə lüğətlərin olması artıq müsbət hal idi və oradakı neologizmlərin üzərində işləyərək yeni orfoqrafiya lüğətinə daxil etmək olardı. Amma bir çoxu daxil edilmədi. Bəs daxil edilmədisə, onların əvəzinə hansı sözlər əlavə olundu? Tam siyahı kimdə var? Son orfoqrafiya lüğətinin nəşr olunacağı haqqında xəbərlər yayılarkən qeyd olunmuşdu ki, lüğətdə "boulinq”, "fləş-kart” və s. kimi yeni sözlər yer alacaq. Burada "və sairə” ifadəsi siyahının davamının olduğunu bildirir. Hər gün bir neologizm eşitdiyimiz dövrdə yaşayırıq və dilin lüğət tərkibi, cəmiyyətin özü bu neologizmlərə vaxtında reaksiya verməlidir. Xarici mənşəli yeni sözlərin dilə daxil edilməsində, məncə, 2 əsas yanaşma olur:  transliterasiya (məsələn: computer-kompüter) və dildə qarşılığın verilməsi (məsələn: computer-bilgisayar). Yaxşı, bizə lazım olan neologizmi öz orfoqrafiya lüğətimizdə tapa bilmiriksə, nə edək? Bəlkə, həmin neologizmlərə dilimizdə qarşılıq verilib? Bəli, bəzilərinə verilib. Son orfoqrafiya lüğətindən sitat: "Bütün bunların hesabına yeni orfoqrafiya lüğətinə əvvəlki nəşrdə olmayan 5.000-dən çox söz daxil edilmişdir. Bu qəbildən olan sözlərin bir hissəsi dilimizin daxili imkanları hesabına son zamanlarda yaranmış neologizmlərdən ibarətdir. Məsələn: buraç, paylaşım, tanıtım, uzadıcı və s.” Yenə də "və sairə”. Gördüyünüz kimi, 5000-dən çox neologizm daxil edilib və misal olaraq 4 söz göstərilib. Bəs qalanları? Lüğətdən istifadə edən şəxs axtardığı neologizmin qarşılığını 90 minə yaxın sözün içindən tapmalıdır? Sadaladığım bütün bu problemlərin kökündə lüğətin elektron formatının olmaması durur. Bu yaxınlarda lüğətdə "hörümçək”, "göyqurşağı” kimi sözlərin olmaması problemin bariz göstəricisidir. Lüğət elektronlaşdırılsa, bu cür qüsurları aradan qaldırmaq çox asan olar. Dilimizin lüğət tərkibinin zənginləşməsi də daha rahat olar və günümüzün dinamikası ilə ayaqlaşa bilər. Yer gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən hazırlanmış elektron lüğətlər korpusu var, amma oraya hələlik son lüğətdəki sözlər daxil edilməyib. Orfoqrafiya lüğəti isə elektron olmasa belə, oraya daxil edilən yeni sözlərin tam siyahısı ("və sairə”siz) ayrıca verilməlidir",- deyə səhifədən bildirildi. 
 
AZLEKS elektron lüğətlər toplusunun baş redaktoru, Azərbaycan Respublikasının "Əməkdar jurnalist"i,  teletənqidçi, publisist, filologiya elmləri doktoru Qulu Məhərrəmli anews.az-a açıqlamasında bildirdi ki, orfoqrafiya lüğəti hazırlanarkən Amerika kəşf etməyə ehtiyac yoxdur, sadəcə lüğət üçün gərəkli məqamlar diqqətli şəkildə orada qeyd olunmalıdır. 
 
"Əvvəla, lüğətdə bir çox törəmə sözlər var ki, onların orada olması yersizdir və lüğətdən çıxarılması məqsədəuyğundur. Dilə çoxlu alınma sözlər gəlir ki, onlardan ümumişlək olanları seçib, düzgün yazılışlarını müəyyənləşdirmək şərtdir. 2021-ci ildə çıxan lüğətdə "votsap" sözü "vatsap" deyə yazılıb. Bunu hansı əsasla ediblər? 10 ingilisdən səkkizi həmin sosial şəbəkənin adını "votsap" deyə səsləndirir, bizim də dilimizin qaydalarına uyğun olaraq xarici sözlər tələffüz edildiyi kimi yazılmalıdır. İki cür yazılan ifadələrdən qaçmaq lazımdır, yalnız zəruri olduqda bir söz iki cür yazıla bilər. Məsələn, "vərəq" və "varaq". Dar sahədə işlənən terminlərdən qaçmaq lazımdır. Amma ilk dəfə bu lüğətə daxil edilirsə, orada sözün anlamı, hansı sahəyə aid olması öz əksini tapmalıdır. Sonuncu lüğətdə müzakirələrə səbəb olan "spayder" sözünü oxucular "hörümçək" ifadəsinin əvəzi kimi hesab edirdi, lakin lüğəti tərtib edənlər bu sözün termin olduğunu bildirdi. Məhz bu səbəbdən qarşısında qeyd olunmalı idi.   "
 
Bakıda orta məktəblərin birində Azərbaycan dilivə ədəbiyyatı müəllimi kimi çalışan Vəfa Əliyevanın fikrincə, lüğətdən Azərbaycan dilində qarşılığı olan xarici sözlər çıxarılmalıdır.
 
"Məsələn, dilimizdə uydurma ifadəsi var. Axı nəyə lazımdır ki, lüğətə feik ( fake - saxta,  red) sözü salınsın? Belə nümunələr çoxdur. Dilimizi zənginləşdirmək üçün milli sözlər yaranmalıdır və əlavə edilməlidir. Digər problem bəzi sözlərin yazılışı hər il dəyişdirilir. Bu çox gülüncdür. Şagirdlərə hər dəfə yeni yazılış öyrədəndə özümüz də onların qarşısında yalançı oluruq. Lüğət tərtib edəndə müəllimləri də dəvət edib, müzakirələr aparılarsa yaxşı olar", - deyə Əliyeva vurğuladı.
 
Lüğətdəki nöqsanlar ictimailəşdiriləndən  sonra AMEA prezidenti Ramiz Mehdiyev yanvarın 19-da Rəyasət Heyətinin iclasında lüğətin nəşrinə məsuliyyət daşıyan şəxslərin verdikləri izahatlardan razı qalmadığını və onlardan daha ciddi və əsaslı izahatlar gözlədiyini bildirib. Dilçilik İnstitutu və digər məsul şəxslər isə həmin sözün lüğətə salınmamasını sırf texniki qüsur kimi dəyərləndirib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəylinin sözlərinə görə, təkmilləşdirilmiş formada yeni lüğətin 2022-ci il ərzində çap olunması nəzərdə tutulub

"Bu il Azərbaycan dilinin yeni Orfoqrafiya Lüğətinin təkmilləşdirilmiş formada ikinci nəşrinin çap olunması nəzərdə tutulub və bu, elm və nəşriyyatın planına daxil edilib. Yəni, lüğəti bu il təkrar nəşr edəcəyik, çünki buna tələbat da böyükdür. Artıq bütün sözləri bir daha diqqətlə oxumaq və digər məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib. Dilçilik İnstitutuna da bununla bağlı tapşırıq və göstərişlər verilib. Yeni lüğətdə bu və ya digər nöqsanlar varsa, hamısı aradan qaldırılacaq", - deyə o bildirib. 
 
Ləman Qasımova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb