Əcnəbi tələbələr niyə Azərbaycanı seçir? - ARAŞDIRMA

15:15 | 21.02.2020
Əcnəbi tələbələr niyə Azərbaycanı seçir? -  ARAŞDIRMA

Əcnəbi tələbələr niyə Azərbaycanı seçir? - ARAŞDIRMA

 
Azərbaycan universitetlərində yerli tələbələrlə yanaşı, həmçinin xarici tələbələr də təhsil alırlar. Xarici ölkədən gəlib Azərbaycanda təhsil almağın təbii ki, bir çox çətinlikləri var. Xarici tələbələrin Azərbaycanda yaşamı və təhsili haqqında onlarla söhbət etdik.

Vang Ying Azərbaycan Texniki Universitetində təhsil alır. O, Çin vətəndaşıdır. "Bura gələrkən heç bir təqaüd proqramına qoşulmamışam. Açığı Azərbaycan təhsili məni qane etmir. Burda bəzən ailəmdən uzaqda sıxılıram”.

Qabss Alrudaini Azərbaycan Tibb Universitetində təhsil almaq üçün İraqdan gəlib. Qabss Azərbaycanı özünü müsəlman kimi daha güvənli hiss etdiyi üçün seçib. "Azərbaycanda aldığım təhsil məni qane edir. Lakin təhsil sistemi çox ağırdır . Ailəmdən uzaqda olmaq ilk vaxtlar mənim üçün çox çətin idi. Lakin burada  insanlar çox mehriban və dostcanlıdır. Buna görə özümü tək hiss etmirəm”.

Emel Demir Bakı Dövlət Universitetinin hüquq fakültəsində oxuyub. Lakin hüquq fakültəsinin dekanı ilə problemləri olduğu üçün universiteti yarımçıq qoymaq məcburiyyətində qalıb. " Türkiyədən Azərbaycana oxumaq üçün gəlmişdim. Qardaş ölkə olduğumuz üçün Azərbaycanı seçmişdim”. 
 
Bir il Bakı Dövlət universitetində hazırlıq kursunda oxuyan Emel yüksək göstəricilər ilə əsas kursa keçid alıb. "Hüquq fakültəsində oxumağa başlayacaqdım. Amma dekan ilə yola getmədik. Tək mən yox qrup yoldaşlarımın da dekanla problemləri olub.  Bu problemə görə, Türkiyəyə qayıtdım. Dekanla problemlərimi həll etmək üçün qrup yoldaşlarım Türkiyə səfirliyinə müraciət ediblər. Türkiyə səfirliyi dekanla aramızdakı problemləri həll etdi. Dostlarım və müəllimlər məni yenidən Azərbaycana çağırdılar. Lakin bu dəfə də anamın səhətinə görə,  geri qayıda bilmədim”, - deyə Emel Demir əlavə etdi.

Təhsil eksperti Elçin Əfəndi Azərbaycanda təxminən 5000 yaxın xarici tələbənin olduğunu deyir. "Azərbaycanda olan özəl şirkətlər xarici tələbələri cəlb etməkdə maraqlıdırlar. Bakı Avrasiya Universiteti kimi özəl universitetlər xarici tələbələrə Azərbaycanda təhsil almaq imkanı yaradır”. 

Elçin Əfəndi tələbələrin Azərbaycan universitetlərini seçməsinin bir sıra səbələrlə bağlı olduğunu bildirib. "Təhsil haqqının aşağı olması daha çox tələbənin Azərbaycanı seçməsinə səbəb olur. Həmçinin ölkədə yaşam şəraiti də xarici tələbələrin burda yaşaması üçün əlverişlidir.  Xarici tələbələr daha çox şərq ölkələrindən gəlir və özəl universitetlərə üstünlük  verirlər.  Pakistan, Afrika ölkələrinin vətəndaşları daha çoxdur. Avropa ölkələrinin vətəndaşları da Azərbaycanda təhsil alırlar. Lakin onlar azlıq təşkil edir. Xarici tələbələr dövlət universitetlərindən  - Bakı Dövlət Universitetinə, Azərbaycan Dillər Universitetinə, Azərbaycan Tibb Universitetinə üstünlük verir”.
 
Bir sözlə həmsöhbətlərimizlə söhbətdən bəlli olur ki, xarici tələbələr daha çox öz ölkələrində universitet qazana bilmədikdə və ölkəsinin yaşam şəraiti aşağı olduqda Azərbaycana gəlirlər. Xarici tələbələrin bəzilərini Azərbaycan təhsili qane etsə də, bəziləri aldıqları təhsildən narazıdırlar. Amma buna baxmayaraq əcnəbi tələbələr Azərbaycanda özlərini güvənli hiss edirlər.
 
 
Əliyə İlyasova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM