Ali məktəbə istedadlı və intelektual gənclərin cəlb edilməsinə çalışmalıyıq
Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin "Mən BANM-in müəllimiyəm” adlı layihəsi davam edir. "Report” şöbəyə istinadən BANM-in Neft-qaz mühəndisliyi kafedrasının baş müəllimi Farad Kamyabinin müsahibəsini təqdim edir.
- Siz niyə məhz müəllim peşəsini seçmisiniz?
- Mən həmişə öyrənməyi və öyrətməyi sevmişəm. Təhsilimin ilk semestrindən başlayaraq müxtəlif fənlərdən - orta məktəbdə riyaziyyatdan tutmuş univeristetdə hidromexanika və perspektiv layihələndirmə üzrə məşğələlər aparmışam. Tələbələrin sualları özümün də öyrənməyimə vasitə olub. Başqa bir səbəb isə ən yaxşı universitetlərin birinin əməkdaşı olub orada öz yaradıcılığımı göstərmək və həm elmi, həm də idarəçilik sahəsində daha səmərəli olmağı öyrənməkdir.
- Bir az özünüz haqqında danışın.
- Mən 2008-ci ildə İranın Əhvaz şəhərindəki Neft Texnologiyaları Universitetinin "Lay mühəndisliyi” ixtisasına daxil olmuşam. Hələ universitetdə olarkən anladım ki, məni daha çox "”Modelləşdirmə” və "Neftçıxarmanın artırılması üsulları” fənləri maraqlandırır. 2012-ci ildə öz sahəm üzrə Norveç Elm və Texnologiya Universitetinin magistratura səviyyəsinə daxil oldum. Təhsilim müddətində bu sahə üzrə daha dərin biliklərə yiyələnə bilmək üçün proqram təminatının modelləşdirilməsi üzrə şirkətlə əməkdaşlıq etdim. 2015-ci ilin martından BANM-də çalışıram.
- Hər bir tələbənin öz sevimli müəllimi olur. Tələbəlik dövrünüzdəki sevimli müəlliminiz haqqında danışın.
– Mənə çox savadlı professorlar dərs deyib. Mənim sevimli müəlimlərim problemin mahiyyətini önə çəkən və tələbələrin ən mübahisəli ideyalarını dinləyən və müzakirə edənlər idi. Auditoriyanı məhz belə müzakirələr canlı və maraqlı edirdi.
- Tələbələrinizdən danışın. Onların gələcəyini necə görürsünüz?
- BANM-də yüksək motivasiyalı, enerjili və öyrənməyə həvəsli tələbələr kifayət qədərdir. Onlar yaxşı oxuyur və qarşılarına qoyulmış məqsədlərə nail olmağa çalışırlar. Onlara yüksək səviyyəli təhsil verilir, lakin təəssüf ki, üzdən öyrənmək bəzi tələbələr üçün adət halını alıb. Mən inanıram ki, bizim tələbələrimiz BANM-də aldıqları təhsil vasitəsilə dünyanın ən nüfuzlu universitetlərinin tələbələri ilə rəqabət apara bilərlər.
- Bakı Ali Neft Məktəbini 10 il sonra necə təsəvvür edirsiniz?
- BANM bir ali təhsil müəsissəsi kimi hələ gənc olsa da, inkişaf tempinə görə Azərbaycanda ən yüksək olmağa iddialıdır. Hesab edirəm ki, ali təhsil müəssisələrinin yeni inkişaf mərhələsinə keçməsinin vaxtıdır, praktik sahələrdə əlaqələri gücləndirməli, elmi tədqiqatların aparılmasını çoxaltmalı və BANM-ə istedadlı və intelektual gənclərin cəlb edilməsinə çalışmalıyıq. Bu, ali məktəbimizin parlaq gələcəyinin qarantıdır.
- Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?
- Mən dağlara qalxmaq həvəskarıyam və bu məşğuliyyətim üçün həmişə təbiətdə mənzərələr və gözəl yerlər tapmağa çalışıram. Buna görə də boş vaxtlarımı təbiətdə keçirməyə üstünlük verirəm. Daha bir məşğuliyyətim isə yeni dillər öyrənməkdir.
- Bakı Ali Neft Məktəbinin ilk məzunlarına nə arzu edərdiniz?
- Hər şeydən əvvəl öz peşələrinin əhəmiyyətini və məsuliyyətini dərk etsinlər. Təhsil müddətində hər dəqiqədən yararlanaraq biliklərini dərinləşdirsinlər. Məsuliyyətli olmağı, biznes etikasına əməl etməyi, qaydalar və prosedurlarla işləməyi öyrənsinlər. Mən də öz növbəmdə tələbələrimizə təhsil və karyeralarında böyük nailiyyətlər arzu edirəm.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !