Bu günədək 192 nəfər tələbə orta ixtisas, 960 nəfər isə universitetlərə köçürülmək üçün qeydiyyatdan keçib
Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi üzrə elektron sənəd qəbulu davam edir.
Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, ölkə daxilində yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin köçürülməsi də elektron qaydada aparılır.
İyulun 17-dən başlayan bu proses transfer.edu.az portalı vasitəsilə həyata keçirilir. Bu günədək 192 nəfər tələbə orta ixtisas, 960 nəfər isə ali təhsil müəssisələrinə köçürülmək üçün elektron portaldan qeydiyyatdan keçib.
Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.
Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.
Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır.
Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.
Ötən tədris ili üzrə 233 nəfər tələbə transfer.edu.az portalı vasitəsilə seçdikləri ali təhsil müəssisələrinə, 46 nəfər isə orta-ixtisas təhsili müəssisələrinə köçürülüb.
Tələbələrin köçürülməsi prosesi avqustun 15-dək davam edəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !