Rasim Cavadov (şərti ad, red) bu il BDU-nun birinci kursuna qəbul olub. Bu günə kimi Qubada yaşayan Rasim Cavadov universitetlə bağlı Bakıya köçməlidir. Bu gün Azərbaycanın 52 ali təhsil müəssisəsində 186 min tələbə təhsil alır. Həmçinin, cari ilin nəticələrinə görə, Azərbaycan universitetlərinə 45862 nəfər qəbul olunub. Yeni qəbul olunanlarla birlikdə bütün tələbələrin müəyyən qisminin Rasim Cavadov kimi universitetlə bağlı yaşayış yerini dəyişəcəyini nəzərə alsaq, kirayə ev axtarışı və yataqxanalara yerləşmə məsələsi gündəmə gəlir.
Universitetlə bağlı yeni əraziyə köçəcək 20-ə yaxın tələbə ilə söhbət zamanı məlum oldu ki, əksəriyyəti kirayə haqqlarından narazıdır. Onlar kirayə ev qiymətlərinin baha olduğunu düşünür. Gənclər, həmçinin, qiyməti aşağı olan evlərdə şəraitin yaxşı olmadığını bildirdilər.
1-ci kurs tələbəsi Rasim Cavadov düşünür ki, universitetlər tələbələrin kirayə ev tapmasında güzəştlər əldə etməsi üçün əmlakçılarla əməkdaşlıq edə bilər :
"Universitetə başlayacaq, rayondan gələn 1-ci kurs tələbəsi üçün Bakıda yaşamaq üzməyi bilməyən insanın dənizdə çabalaması kimi bir şeydir. Ev axtarmağa başlayanda ilk 2 gün valideynimlə ev kirayəsi ilə məşğul olan kəslərlə danışdıq. 400-500 manata evlər göstərirdilər. Büdcəmizə uyğun olmasa da, 450 manatlıq bir ev ilə razılaşacaqdıq. Daha sonra qəbul olduğum universitetin 3-cü kurs tələbəsi ilə söhbətdə o mənə kirayə ev tapmaq üçün bir neçə məsləhət verdi. İndi məsləhətlərinə uyğun ev tapmağa çalışıram”, - deyə tələbə bildirdi.
Bakıdan universitet oxumaq üçün Qazaxa köçəcək digər bir tələbə isə rayonda ev tapmağın çətin olduğunu bildirdi. Onun sözlərinə görə, rayondakılar tanımadığı insanlara, fərqli bölgələrdən gələnlərə ev vermək istəmir.
"Atam Qazaxda işlədiyi üçün mən də oradan universitet seçimi elədim. Dərslərin ənənəvi olmaq qərarı təsdiqlənəndən sonra ev axtarmağa başladıq. Atam əvvəl qazaxlı iş yoldaşları ilə qalırdı deyə, onlar asanlıqla ev tapa bilmişdi. İndi isə çətindir. Getdiyimiz əmlakçılar atamı sorğu-sual edir ki, "xanımınız niyə yoxdur”, "niyə boşanmısınız?”, "qızınız niyə burada universitet seçib” və s. Mənə elə gəlir ki, kirayə ev üçün müraciət edən tələbələrlə məşğul olan xüsusi idarələr olarsa, çox yaxşı olar”,- deyə adının anonim qalmasını istəyən tələbə bildirdi.
Bakı Qızlar Universitetinin tələbəsi Həvva Əbdülova da qiymətlərin tələbə büdcəsinə uyğun olmadığını düşünür:
"Artıq 4-cü kursda təhsil alıram. Keçən dərs ili istista olmaqla, hər il Bakıda kirayə qalmışam və ox pul tökmüşəm. Yəqin ki, o pulsar ilə özümə biznes qura bilərdim. Ödənişli əsaslarla oxuyan tələbələrin işi daha da çətindir. Həm universitet xərci, həm də yaşayış üçün tələb olunan xərcləri topladıqda 1 tələbənin yüksək məbləğdə pula ehtiyacı var”, - deyə tələbə söylədi.
Tələbələrin qiymətlərdən narazı olduğunu görüb, ev kirayəsi ilə məşğul olan əmlakçılara üz tutduq. Əmlakçılar qiymətlərin COVID-19 pandemiyasının başlamadığı dövr ilə müqayisədə aşağı olduğunu düşünür.
Bakıda evlərin kirayəsi ilə məşğul olan Cavad Hüseynov bildirdi ki, kirayə üçün 200 AZN-dən başlayaraq hər qiymətə ev tapmaq mümkündür:
"Evlərin qiyməti əşyasına, şəraitinə və yerləşdiyi əraziyə uyğun dəyişir. İnterneti, paltaryuyanı və əşyası çox evlər Bakı kəndlərində 300 manatdan başlayırsa, şəhərin mərkəzində belə mənzillər 450-500 manatdan başlayır. Sentyabr və fevral aylarında isə bu qiymətlərdə artım olur. Çünki alıcı artıqca, ev dəyərini artırır. Son 1 həftədə 10 evi tələbələr tutub. Evlərin qiyməti 500-600 aralığında olub. Hər evdə də 3-4 tələbə qalacağına görə pul onların arasında bölünür. Belə olduqda isə valideynlərin üzərinə yük az düşür və narazılıq yaranmır. Ötən il kirayə ev üçün müraciət edənlərin sayı kəskin şəkildə azalmışdı. Bu il vəziyyət yaxşıdır. Amma cari ilin qazancı 2018-2019-cu illərdəki qazancımdan dəfələrlə azdır. Kirayə üçün evlərini verən şəxslər daha çox qız tələbələrin olmasına üstünlük verir”, - deyə əmlakçı gülümsəyərək bildirdi.
Əmlakçının sözlərinə görə, tələbə oğlanlar gələndə onlara ev tapmaq çətin olur.
"Nə yalan deyim, ev tapılanda da sahibləri minnətli verir, şərtlər qoyur. Əvvəl düşünürdüm ki, haqlıdırlar. Amma bu işdə təcrübəm artdıqca fikir verdim ki, əslində bəzi qızlardan daha səliqəli oğlanlar var. Hansı ki, evi həm səliqəli saxlayır, həm də kirayəni vaxtında ödəyirlər. Ümumilikdə, ev sahibləri tələbələrə üçün kirayə verəcəksə, qiymətləri bir az aşağı təyin edə bilərlər”, - deyə məlumat verdi.
Gəncədə evlərin satış və kirayəsi ilə məşğul olan Həsən Əliyev kirayə ev axtarışında olanların sayının artdığını bildirdi.
"Tələbələrin çoxu Bakıya qaçsa da, Gəncəyə oxumağa gələnlər də az deyil. Son 1 həftədə 5 tələbə kirayə ev üçün müraciət edib. Tələbələr, əsasən, universitetə yaxın ərazilərdə ev istəyirlər. Həmin evlərin qiyməti mərkəzdən kənar evlərə nisbətən daha bahadır. Qiymətlər əsasən 150 AZN-dən başlayır. Şəraitinə uyğun dəyişə bilir. Bəzən tələbələr yazı stolu, internet kimi ehtiyaclarının qarşılanmasını tələb edir, bu hal kirayə ev tapmaq məsələsini qəlizləşdirə bilir. Qiymətlərə gəldikdə isə, ilin bütün aylarında qiymətlər demək olar ki, eynidir”, - deyə Həsən Əliyev söylədi.
Avqust ərzində Bakıda ən ucuz kirayə ev Hövsanda qeydə alınıb və qiyməti 170 manat olub. Ən bahalı kirayə mənzil isə 4500 manata Səbail rayonunda təklif edilib, bunu "MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov bildirdi.
Ekspertin sözlərinə görə, ümumilikdə avqustda ötən ayla müqayisədə Bakıda kirayə mənzil bazarında 0.36 faiz bahalaşma qeydə alınıb.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı da hazırda Bakıda kirayə mənzil bazarında müraciətlərin sayında kəskin artım olduğunu təsdiqlədi:
"Sözügedən artım təxminən 1 həftədir özünü göstərir. Bununda səbəbi əyani tədrisin bərpasıyla bağlıdır. Qiymətlərə gəldikdə isə hazırki duruma görə müəyyən artım meyli var. Orta hesabla, təqribən hər kirayə mənzilin qiymətində 50-60 azn artım müşahidə olunur. Ümumi prosesin təhlilini, ötən illərlə müqayisəsini qarşıdakı 10 gün ərzində bazardakı tələbat və təkliflərə əsasən müəyyən etmək mümkün olacaq. Lakin bir məsələni xüsusi demək istəyirəm. Mürəkkəb bir situasiya yaranıb, təklif tələbi qarşılamır. Yəni təklif aşağı, tələb yuxarıdır. Bu isə iqtisadi baxımdan qiymət artımını şərtləndirən amillərdəndir”, - deyə ekspert məlumat verdi.
DİN-in Teleqram kanalında yayımlanan müraciətdə qeyd edilir ki, bəzi şəxslər alqı-satqı saytlarında hər hansı bir mənzili dəyərindən çox aşağı qiymətə elana qoyurlar: "Zəng vurduqda isə evin başqasına verilməməsi üçün bank hesabına beh və ya kirayə pulunun göndərilməsini bildirirlər. Təhsil ilinin başlaması ilə əlaqədar məlumatsız vətəndaşlarımız daha çox bu dələduzların qurbanına çevrilirlər.
Vətəndaşlarımızın nəzərinə bir daha çatdırırıq ki, belə şəxslərə inanıb əvvəlcədən, mənzilə baxış keçirmədən heç bir halda ödəniş etməsinlər. Bu halla üzləşən şəxslər isə DİN-in 102 Zəng-Mərkəzinə, ərazi polis orqanına və ya sosial şəbəkələrdəki səhifələrimizə müraciət edə bilərlər”, - deyə müraciətdə bildirilib.
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, hazırda Azərbaycanda 11 ali təhsil müəssisənin yataqxanası var. Bu da ümumi tələbələrin yalnız 0,7 faizini əhatə edə bilir. Beynəlxalq təcrübələr isə göstərir ki, ali təhsil müəssisələri öz tələbə kontingentinin ən azı 40 faizini yataqxana ilə təmin etmək infrasturukturuna malik olmalıdır.
Ekspert Kamran Əsədov bildirdi ki, Azərbaycanda yaxşı yataqxanası olan universitetlərin sayı azdır :
"Bu gün yaxşı tələbə yataqxanasına malik olan universitetlərdən biri Gəncə Dövlət Aqrar Universitetidir. Həmin yataqxananın mövcud vəziyyəti olduqca yaxşıdır. Həmçinin, Gəncə Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yeni lahiyəsi əsasında təsis edilmiş yataqxanaların hazırki şəraiti qənaətbəxşdir. Lakin bu yaxşı göstərici deuil. Nəzərə alsaq ki, Bakı Dövlət Universitetinin 26 minə yaxın tələbəsi var, amma yataqxananın tələbə tutumu 220 nəfərlikdir. Bu da çox azdır. Hesab edirəm ki, Azərbaycanda bütün ali təhsil müəssisələrinin yaxınlığında hündürmərtəbəli, çoxmənzilli binalar inşa edilməlidir. Həmin universitetlərdə bu binaların bir neçə mərtəbəsini alıb, yataqxana kompleksinə çevirib, tələbələrin istifadəsinə verə bilərlər. Bu da həm yataqxana problemini həll edə, həm də ali təhsil müəssisələri üçün əlavə gəlir mənbəyinə çevrilə bilər. Nəzərə almaq lazımdır ki, yataqxanaların vəziyyəti tələbələrin təhlükəsizliyi ilə yanaşı, onların təhsilinə də bilavasitə təsir göstərən amillərdəndir- deyə Kamran Əsədov bildirdi.
Anews.az Azərbaycandakı tələbə yataqxanalarının bir qismi barədə məlumatları təqdim edir :
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Bəhruz Nəzərov vurğulayıb ki, ali təhsil müəssisəsinin yataqxanası 320 nəfərlikdir:
"Karantin müddətində yataqxana fəaliyyətini davam etdirib. Əcnəbi tələbələrin bir hissəsi karantin dövründə ölkədə qaldıqlarına görə yataqxana fəaliyyətini dayandırmamışdı. Həmin tələbələr yataqxanada onlayn qaydada tədrisə də davam edirdilər. Yataqxanada bir otağın qiyməti 100 manatdır. Əgər iki nəfər qalarsa, hər tələbə 50 manat ödəməklə qala bilər. Yataqxananın şəraitinə gəlincə, köhnə yataqxanadır, bir az təmir olunub. Yeni yataqxananın tikilməsi üzərində iş gedir. Həmkarlar ittifaqına müraciət edən imkanı az tələbələr yataqxanada pulsos sala bilir”,- deyə universitet rəsmisi bildirdi.
"Yataqxanada 104 standart tələbə otağı və 2 qonaq otağı mövcuddur. "Tələbə evi”ndə müasir standartlara cavab verən şərait yaradılıb, otaqlar zəruri mebel, məişət avadanlıqları, istilik sistemi ilə təmin olunub. Burada zəruri ədəbiyyat və əyani vəsaitlərlə təchiz edilmiş kitabxana - oxu zalı, iclas otağı, asudə vaxt otağı, mətbəx, camaşırxana, bütün zəruri avadanlıqlarla təchiz edilmiş yeməkxana fəaliyyət göstərəcək. Hazırda yataqxana binasının saxlanma xərcləri hesablanır. Yataqxanada qiymətlər tələbələr nəzərə alınaraq tərtib ediləcək”,- deyə Əliş Ağamirzəyev bildirdi.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) mətbuat katibi Şahanə Müşfiq yataqxananın hazırda Qaçqın və Məcburi Köçkünlər Komitəsinin səlahiyyətində olduğunu bildirdi:
"ADMİU-nun yataqxanası var, lakin bu yataqxanada illərdir ki, qaçqın və məcburi köçkünlər yaşayır. Həmin şəxslər köçürüldükdən sonra, yataqxana əsaslı təmir olunub, tələbələrin ixtiyarına veriləcək”,- deyə mətbuat katibi bildirdi.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat katibi Cavid Hüseynov bildirib ki, ali təhsil müəssisələrinin yataqxanası 180 nəfərlikdir:
"Otaqlar geniş,işıqlı və iki nəfərlikdir. Ödəniş 70 manatdır. Yataqxananın tam şəraiti var. Ötən illərdə əsaslı təmir olunub. Bir yataqxana olduğu üçün sadəcə xanım tələbələr yerləşdirilir. Onu da qeyd edim ki, pandemiya ilə bağlı otaqlar dezinfeksiya olunur və hazır vəziyyətə gətirilir. Yataqxanamız universitetin Gənclik korpusunun həyətində yerləşir”,- deyə mətbuat katibi dedi.
"Otaqlar geniş,işıqlı və iki nəfərlikdir. Ödəniş 70 manatdır. Yataqxananın tam şəraiti var. Ötən illərdə əsaslı təmir olunub. Bir yataqxana olduğu üçün sadəcə xanım tələbələr yerləşdirilir. Onu da qeyd edim ki, pandemiya ilə bağlı otaqlar dezinfeksiya olunur və hazır vəziyyətə gətirilir. Yataqxanamız universitetin Gənclik korpusunun həyətində yerləşir”,- deyə mətbuat katibi dedi.
"Xəzər universitetininə piyada 5 dəqiqəlik məsafədə yerləşən 90 nəfərin qalması üçün nəzərdə tutulan qonaq evi var. Həm qız, həm oğlanların qalması üçün nəzərdə tutulan 90 nəfərlik bu ev 4 il əvvəl istifadəyə verilib. 2019-cu ildə bu qonaq evində 86 tələbə qalırdı. Qiymətlər fərqlidir. Azərbaycan vətəndaşları üçün 100-150 azn, xarici vətəndaşlar üçün qiymət 150-220 azn təşkil edir. Otaqlar, əsasən, ikinəfərlikdir”,- deyə Əlövsət Əmirbəyli dedi.
Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərovanın sözlərinə görə, tələbə şəhərciyi 1965-70-ci illərdə inşa olunmuş 5 mərtəbəli, daş konstruksiyalı 6 binadan və həmin ərazidə tikintisi 1991-ci ildən yarımçıq qalmış 546 yerlik 2 ədəd 14 mərtəbəli yataqxanadan ibarətdir:
"Bu binalarda 1988-90-cı illərdə məcburi köçkün ailələri məskunlaşıb. Yataqxanalarda ümumilikdə 900-dək məcburi köçkün ailəsi yaşayırdı. Hazırda binalarda 124 ailə qalıb. Yataqxana kompleksi tamamilə aşınıb. Binaların vəziyyəti hər hansı yaşayış standartlarına cavab vermir. Su, elektrik və qaz xətləri, habelə kanalizasiya sistemi məcburi köçkünlər tərəfindən öz məişətlərinə uyğun dəyişdirilib. Yataqxana kompleksindəki ərazidə vaxtilə mövcud olmuş idman, sağlamlıq və ictimai iaşə obyektləri, habelə ətraf yollar və yaşıllıqlar tamamilə yararsız hala düşüb. Məcburi köçkünlər köçürüldüyü təqdirdə bina əsaslı təmir edilmədən öz təyinatı üzrə istifadə edilə bilməz. Hazırda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi universitetin yataqxanalarında məskunlaşan məcburi köçkünləri yeni qəsəbələrə köçürür və proses davam edir: "Köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxana əsaslı şəkildə təmir olunacaq”,- deyə universitetin əməkdaşı məlumat verdi.
Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat katibi Günel Aslanova dedi ki, hər il yaşayış yerinə ehtiyacı olan bütün tələbələr yataqxana ilə təmin olunurlar:
"Azərbaycan vətəndaşı olan universitetin bütün tələbələri yataqxana ilə təmin olunur. Bu il də yataqxanaya ehtiyacı olan tələbələrimizi yaşayış yeri ilə təmin edəcəyik”,- deyə mətbuat katibi bildirdi.
Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov yataqxanaya əsasən ali məktəbin tələbələrinin qəbul olunduğunu söyləyib:
"Yataqxananın 252 tələbə qəbul etmək imkanı var. Tədris başlayanda qəbul edilən tələbələr mütləq vaksinin hər iki dozasını vurdurmuş şəxslər olacaq. Yataqxananın şəraiti tam təmirlidir. Otaqların hər birinin içində hamam-tualet, hər mərtəbədə ümumi mətbəx də var. Yataqxananın aylıq ödənişi bu il üçün əmr verilməsə də, amma ötən il bir tələbənin aylıq yataqxana pulu 40 manat olub. Yataqxanaya ancaq rayon qeydiyyatlı şəxslər qəbul edilir, ilk olaraq imtiyazlı tələbələr yerləşdirilir. Valideynini itirmiş, şəhid ailə üzvlərinin övladları yerləşdirilir və ödənişdən azad olunur. Bu kimi məsələlər mütləq nəzərə alınır”, -deyə universitetin mətbuat xidmətindən bildirildi.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) mətbuat katibi Elnarə Məmmədova yataqxananın hazırda Qaçqın və Məcburi Köçkünlər Komitəsinin səlahiyyətində olduğunu bildirdi:
"UNEC-in 5 yataqxanası var. Hazırda həmin yataqxanalarda məcburi köçkünlər məskunlaşdığı üçün tələbələrin istifadəsinə verilə bilmir. Məcburi köçkünlər köçürüldükdən sonra yataqxanalar əsaslı təmir edilərək tələbələrin istifadəsinə veriləcək”,- deyə mətbuat katibi məlumat verdi.
"UNEC-in 5 yataqxanası var. Hazırda həmin yataqxanalarda məcburi köçkünlər məskunlaşdığı üçün tələbələrin istifadəsinə verilə bilmir. Məcburi köçkünlər köçürüldükdən sonra yataqxanalar əsaslı təmir edilərək tələbələrin istifadəsinə veriləcək”,- deyə mətbuat katibi məlumat verdi.
COVID-19 pandemiyasının başladığı müddətdən ali təhsil müəssisələrində birinci əyani tədris bu ilin sentyabrın 29-da başlayacaq.
Ləman Qasımova
6.3.19. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı.
QEYD: Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !