Terrorçu qadının ailəsi üzə çıxdı

16:08 | 13.01.2015
Terrorçu qadının ailəsi üzə çıxdı

Terrorçu qadının ailəsi üzə çıxdı

Parisdəki terror aktı zamanı adı hallandırılan və hazırda axtarışda olan terrorçu qadın - Hayat Boumeddienenin atası polisə ifadə verib.

ANN.Az xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti yazıb. Qəzetin yazdığına görə, qızının fotosunu televizorda görən ata şok yaşayıb və özü könüllü olaraq polis şöbəsinə gələrək ifadə verməyə hazır olduğunu deyib.

İfadə verdikdən sonra sərbəst buraxılan ata - sürücü işləyən Mohamed Boumeddiene daha sonra heç bir jurnalistə açıqlama vermək istəməyib. Qəzetin M.Boumeddienenin qonşularına istinadən verdiyi xəbərə görə, o, evdən çölə çıxmır, heç kimlə əlaqə yaratmır və telefonlarını da söndürüb.

Qəzetin yazdığına görə, ata qızının planlarından xəbərsiz olduğuna, uzun illər bir-biriləri ilə ünsiyyətdə olmadıqlarına, sadəcə keçən il Hayatın Umrə səfəri zamanı onu qarşıladığına dair ifadə verib.

"Daily Mail" 20 ildir ailəni yaxından tanıyan qonşu qadından müsahibə alıb. Həmin qadının sözlərinə görə, Hayat 7 uşaqdan ən balacası olub. Onun anası başıörtülü qadın olub və dindarlığı ilə tanınıb. Qonşu qadın Hayatın anasının evdən çölə çıxmadığını, bütün günü ev işləri ilə məşğul olduğunu deyib. 17 il bundan əvvəl qadın vəfat edəndən sonra Hayatı və onunla birgə digər kiçik yaşlı bacı-qardaşını uşaq evinə veriblər. Ata hərdən uşaqlarına baş çəkərmiş. Amma ikinci dəfə evləndikdən sonra Hayat atası ilə görüşməkdən imtina edib.

Xəbərdə o da bildirilir ki, Hayat kassir işləyərkən 2006-cı ildə həyat yoldaşı Coulibaly ilə Parisdə tanış olub. Onlar 2009-cu ildə dini nikaha giriblər.

ANN.Az



0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM