"Tərtərin icra başçısı mənə məxsus torpağı avtoritetə verib"- AÇIQLAMA

16:47 | 25.05.2020
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidovun qardaşı oğlu Şəhriyar Məcidzadəyə məxsus torpaq sahəsini kriminal avtoritetə verib.




Bu barədə Ş.Məcidzadə özü məlumat verib.




O bildirib ki, bu gün ona Tərtərdən İlqar adlı bir şəxs zəng edib: "Həbsdən təzə çıxdığını və məndən Tərtərdəki evimizin qabağında hasarlanmış baba torpağımızı ona "haqq” olaraq verməyimi istədi. Sərdar Həmidovun Tərtərin müdafiəsini təşkil etdiyi, qarşısında döyüş gedən evin torpağını. Sonra isə dedi ki, bunu ona Tərtər Rayonu İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib. Yəni Müstəqim Məmmədov özünü "kriminal avtoritet” kimi təqdim edən bu şəxsə deyib ki, Sərdar Həmidovun evinin qabağındakı hasarlanmış torpağı, bələdiyyəsinə pul köçürdüyüm və çekləri məndə olan torpağı verib "avtoritetə”!




Təbii ki, buna inanmaq çətin olduğu üçün mən bununla əlaqədar Tərtər Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladım. Öyrəndim ki, bəli, İlqar adlı şəxs icra başçısının qəbulunda olub! Bu o deməkdir ki, 90-cı illərin əvvəllərində Rusiyanın vilayətlərində olduğu kimi reketçiliyə himayədarlıq edən dövlət idarəetməsi praktikasını Müstəqim Məmmədov Tərtərə gətirir! Həm də Prezidentin icra hakimiyyəti başçılarına qarşı korrupsiya mübarizəsi açdığı vaxtda! Təbii ki, bunu susqunluqla qarşılamayacağıq. Dərhal araşdırmaya başladım. Öyrəndim ki, qarət, oğurluq və müxtəlif cinayət hadisələrinə görə bu və onun qardaşları doğrudan da məhkum olublar. Müstəqim Məmmədov isə bu adamları mənim və ailəmin üstünə göndərir. Əvvəllər bu kimi hadisələrdə başçılar əhaliyə zor gücünü polisin əli ilə göstərdi. İndi polis bu işlərə qarışmasa da, ən azı regional səviyyədə buna qarşıda fəaliyyət göstərə bilmədiyinin nəticəsidir ki, belə açıq zəng edib hədə və təhdid ritorikası ilə ictimai fəaliyyətlə məşğul olan bir adamdan torpaq istəyə bilirlər.
Bütün həqiqətləri üzə çıxarmaq məqsədi ilə artıq araşdırma yazıya başlamışam. 102 xidmətinə bilərəkdən zəng etməmişəm! Çünki Tərtər İcra Hakimiyyətinin başçısının şəxsən verdiyi işarə ilə mənim üstümə yönləndirilən, özünü hörmətli oğlan, "avtoritet” kimi tanıdan adamla bağlı heç bir tədbir görülməyəcəyindən əminəm. Ona görə də yazı hazırlanana qədər Tərtərdə ağırlaşan kriminal vəziyyətə nəzarət etmək, konstitusion quruluşa böyük zərbə olan, dövlət qurumlarının quldur dəstələrininin əli ilə xalqa qarşı zor gücü istifadəsi praktikası ənənəsinin gətirilməsinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görülməsini xahiş edirəm.




Burda ictimai qaydada Tərtərdə vüsət almağa başlayan mütəşəkkil cinayətkarlığın inkişafı, hakimiyyət orqanlarının mütəşəkkil cinayətkarlığı himayə etməsi işinin qarşısının alınması üçün Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-leytenant Əli Nağıyev və Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazova müraciət edirəm ki, cinayətkar ünsürlər tərəfindən əhaliyə qarşı divan tutulması prosesinin qarşısını alsınlar. Buradan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edirəm ki, bu hüquqi pozuntulara qarşı tədbirlər görsünlər.




Bu gün bu məsələyə dair Tərtəri Parlamentdə təmsil edən Sahib Aliyevə zəng etdiyimi də bildirmək istəyirəm. Buradan jurnalistlərə, ictimai-siyasi fəaliyyətlə məşğul olan, Azərbaycanın qara günlərə getməsini istəməyən hər kəsə müraciət edirəm ki, məsələnin ictimai şəkildə araşdırılmasına köməklik göstərsin.




Mən şəxsən bunu dövlətin konstitusion quruluşuna, ölkə sabitliyinə, Prezident və vitse-prezidentin aparmış olduğu islahatlar prosesinə qarşı sabotaj kimi qiymətləndirirəm. Və Tərtərdə millət vəkili adını mənimsəyən deputata çatmaq mümkün olmadığı üçün bu postu yazmalı oluram".




İcra başçısı M.Məmmədovun mövqeyini dərc etməyə hazırıq.


                                                                                                                                                           Qaynarinfo

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti