Teymur Rəcəbov: “Karyeramı bitirməyi hələ düşünmürəm”

18:44 | 24.04.2014
Teymur Rəcəbov: “Karyeramı bitirməyi hələ düşünmürəm”

Teymur Rəcəbov: “Karyeramı bitirməyi hələ düşünmürəm”

Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun xatirəsinə keçirilən "Shamkir Chess 2014" turnirinə 4-cü tura yekun vurulub. Lent.az-ın məlumatına görə, dünya çempionu Maqnus Karlsen ilk məğlubiyyətlə üzləşib.

 

Norveçli qrossmeyster qara fiqurlarla italiyalı Fabiano Karuanaya uduzub – 0:1. Dünya çempionu məğlubiyyəti səhvlərlə izah edib: "Debütdə səhvlərim oldu. Ötən gün uğursuz partiyadan sonra normal hazırlaşa bilmədim. Məğlubiyyət üzücüdür. Əlbəttə, qələbədən sonra daha yaxşı əhval olur. Uduzmaq istəməzdim. Lakin səhvlərim rəqibə kömək oldu. Növbəti turlarda bunu unutdurmağa çalışacağam”.

 

Karuana isə qələbəni düzgün hazırlıqla əlaqələndirib: “Yaxşı oynayaraq qələbə qazandım. Rəqib səhvlər etdi. Vəziyyəti düzgün qiymətləndirdim və sonda qalib gəldim. Qələbə xoşdur. Özü də dünya çempionu üzərində qələbə daha böyük sevinc gətirir. Karlsenlə çox oynamışıq. Etiraf edim ki, ona məğlub olduqlarım partiyalar da olub”.

 

Azərbaycanlı qrossmeysterlərdən Teymur Rəcəbov ardıcıl 4-cü görüşündən də heç-heçə ilə ayrılıb. Bu dəfə Rəcəbov ağ fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura ilə “sülh”ə razılaşıb – 0,5:0,5. O, partiyadakı vəziyyəti belə dəyərləndirib: "Qara fiqurlarda vəziyyət fərqli idi. Bu mənada fikrimcə görüş heç-heçəyə gedirdi. O mənada qələbə üçün yol görünmürdü. Bəlkə də həmin gedişləri görmədim. Sabah Karlsenə qarşı mübarizə aparacağam. Lakin mən başqa oyunlara nəzərə yetirmirəm. Əsas öz oyunumdur. Hər bir rəqibə maksimum hazırlaşıram və ona görə partiyaları rəqibə görə fərqləndirmirəm”.

 

Medianın "son dəfə nə vaxt qələbə qazanmısınız?" sualına Rəcəbov belə cavab verib: "Karyeram ərzində kifayət qədər qələbəm olub. Son dəfə komandalar arasında Avropa çempionatında qələbə qazanmışam. Movsesyanla uğurlu partiyam olub. Həmin turnirdə Azərbaycan millisi çempion olub. Son 6 ay heç bir yarışda iştirak etmədiyimi nəzərə alsaq, həmin müddətdə qələbə qazanmamışam. Amma hələ karyeramı başa vurmaq barədə düşünmürəm. Qarşıda uğurlu nəticələr olacaq”.

 

Nakamura isə heç-heçəni ədalətli nəticə sayıb: “Obyektiv olsaq heç-heçə layiqli oyun idi. Bəlkə də kimsə qələbə yollarını görürdü. Amma düzgün gedişlər etdim. Hələ Kasparovla çalışdığım dönəmdən partiyadakı üstünlüyü sona qədər saxlamağı öyrənmişəm. Heç-heçəyə sevinmirəm. Mənim üçün normal nəticədir. Teymur də yaxşı oynadı. Amma partiya heç-heçə ilə başa çatdı. Bu, ədalətli nəticədir. Əsas mübarizə irəlidədir”.

 

Digər qrossmeysterimiz Şəhriyar Məmmədyarov isə qara fiqurlarla rusiyalı Sergey Karyakinlə xalları yarı bölüb – 0,5:0,5.

 

4 turdan sonra turnir cədvəlinə hərəyə 2,5 xalla Karuana və Karlsen başçılıq edir. Karyakin, Rəcəbov və Nakamura 2 xalla 3 – 5-ci yerləri bölüşdürür. Son pillədəki Məmmədyarovun isə cəmi 1 xalı var.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM