The Washington Times: "Azərbaycan ABŞ və azad dünya üçün niyə vacibdir?”

18:23 | 29.01.2015
The Washington Times:

The Washington Times: "Azərbaycan ABŞ və azad dünya üçün niyə vacibdir?”

"The Washington Times” qəzetində ABŞ Konqresi Nümayəndələr Palatasının sabiq üzvü Dan Burtonun "Azərbaycan ABŞ və azad dünya üçün niyə vacibdir?” sərlövhəli məqaləsi dərc edilib.

Keçən il Azərbaycanın müstəqilliyinin bərpasının 23-cü ildönümünün qeyd edildiyini yazan müəllif belə bir sual verir: "Dünyanın həssas bir hissəsində yerləşən bu ölkə ABŞ üçün niyə önəmlidir?”

Məqalədə bildirilir ki, Azərbaycan ABŞ-ın mühüm dostlarından biridir və regionda sabitləşdirici qüvvədir. Azərbaycanla əlaqələrin nə qədər vacib olduğunu göstərmək üçün çoxlu səbəblər sadalamaq olar.

Müəllif vurğulayır ki, əhalisinin 96 faizini müsəlmanların təşkil etdiyi Azərbaycan dini tolerantlığa və qarşılıqlı anlaşmaya sadiq olduğunu nümayiş etdirib. İnkluziv cəmiyyət quruculuğunu daxili siyasətinin prioriteti hesab edən bu ölkənin Konstitusiyasının 25-ci maddəsində bərabərlik hüququ təsbit olunub. Azərbaycanda siyasi, irqi, dini, etnik, milli və s. ayrı-seçkilik və bu amillərə görə təqib qadağandır. İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz ABŞ-a səfəri zamanı demişdi ki, Azərbaycanda mövcud olan tolerantlıq bütün dünyaya nümunədir. Düzdür, Azərbaycanda tolerantlığın tarixi qədimdir, lakin 23 illik müstəqilliyi dövründə ölkədə bununla bağlı mühüm işlər görülüb.

Oxucuların diqqətinə çatdırılır ki, Azərbaycan Sovet İttifaqının planlaşdırılmış sosialist iqtisadiyyatından müasir bazar iqtisadiyyatına keçib. Bu ölkənin güclü iqtisadiyyatı vətəndaşların rifahını yaxşılaşdırmağa və gələcək nəsillərin uğurlarına yol açmağa istiqamətlənib.

Məqalədə qeyd edilir ki, Azərbaycan xalqı və hökuməti dini tolerantlıq, azad bazar, ətraf mühitin qorunması, bərabərliyin təmin edilməsi standartlarına sadiqdir. Müəllif gender bərabərliyini buna misal olaraq göstərir və xatırladır ki, Azərbaycan hələ 1918-ci ildə, ABŞ-dan da əvvəl qadınlara seçib-seçilmək hüququ verib.

Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasından bəhs edən Dan Burton ölkəmizin NATO-nun tərəfdaşı, Avropa Şurasının üzvü olduğunu diqqətə çatdırır. Həminin 2011-2013-cü illərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğunu vurğulayır.

Məqalədə qeyd edilir ki, Azərbaycan və Birləşmiş Ştatlar ümumi dəyərlərə əsaslanan güclü tərəfdaşlıq münasibətləri qurublar. Rəsmi Vaşinqton Azərbaycanın tərəfdaşlığını və Cənubi Qafqaz regionunda liderliyini qiymətləndirməlidir.

Müəllifin fikrincə, ümumi dəyərlərə və məqsədlərə çağırışların davam etdiyi bir vaxtda ABŞ rəsmiləri Azərbaycan xalqını, rəhbərliyini dini tolerantlığa, azadlığa və demokratiyaya sadiqliyə görə təbrik etməlidir. ABŞ və dünyanın başqa ölkələrinin Azərbaycan kimi dostlara ehtiyacı var. //azertag.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM