Türk Hava Yollarının içinə səyahət - REPORTAJ + FOTOLAR

18:32 | 10.06.2014
Türk Hava Yollarının içinə səyahət - REPORTAJ + FOTOLAR

Türk Hava Yollarının içinə səyahət - REPORTAJ + FOTOLAR

Türkiyənin “Türk Hava Yolları” (THY) şirkəti Azərbaycanda kifayət qədər məşhurdur. Hər gün yüzlərlə azərbaycanlı bu şirkətin təyyarələri ilə həm Türkiyəyə, həm də dünyanın müxtəlif ölkələrinə səyahət edir. Qiymətlərin münasib olması, rahatlıq və servis sərnişinlərin seçimində böyük rol oynayır. THY-ni məşhurlaşdıran digər amil də onun çəkdiyi reklamlardır desək, yanılmarıq. Təxminən bir ay əvvəl THY-nin Iğdıra səfərə başlamasından bəhs edən reklam çarxı Azərbaycanda sosial şəbəkələrdə böyük marağa səbəb olmuş, rekord sayda izlənmişdi. Bakının mərkəzində quraşdırılmış böyük monitorlarda, televizorda, radioda, sosial şəbəkələrdə Lionel Messi və Kobi Brayant kimi ulduz idmançıların “Türk Hava Yolları”nın simaları olduğunu görürük. Onlar tez-tez THY-nin reklamlarında yer alırlar...

Bəs necə oldu ki, 10 il əvvələ qədər adı nadir hallarda eşidilən bir qurum dünyanın ən nüfuzlu şirkətlərindən birinə çevrildi? Necə oldu ki, THY dünyada ən çox bölgəyə səfər edən hava yolları şirkəti kimi məşhurlaşdı?

Bütün bunları bilmək, şirkətlə daha yaxından tanış olmaq, onun təqdim elədiyi imkanları, tarixini bilmək şansı qazanmışdım. Şirkət azərbaycanlı jurnalistlər üçün “Press trip” (Mətbuat səyahəti) təşkil etmişdi və mən də həmin jurnalist qrupuna daxil idim. Görüş

“Türk Hava Yolları” şirkətinin baş ofisində şirkətin idarə heyətinin üzvləri Ziya Taşkent, Mehmet Başpınar və digərləri ilə görüşdük. Bu, gənc, enerjili, olduqca sadə insanlar bizim suallarımızı həvəslə cavablandırdılar. Ziya Taşkent şirkətin tarixi, xidmətləri və hədəfləri haqqında danışdı. THY-nin bir şirkət kimi dünya markasına çevrilməsi prosesi 2003-cü ildən başlayıb. Son 10 ildə Türkiyə iqtisadiyyatının sürətli inkişafı THY-yə də öz təsirini göstərib. 2003-cü ilə qədər quruma daha çox dövlət nəzarət edirdi. Sonra onun səhmləri iş adamları üçün açıldı, bu gün şirkətin səhmlərinin 49 faizinə dövlət nəzarət edir, 51 faizi isə özəlləşdirilib.

Şirkət gələcəkdə daha da böyüməyi planlaşdırır. Gələcək 30 ildə sərnişindaşımada qitələr arasındakı rəqabət daha da qızışacaq və proqnozlara əsasən, sərnişindaşımada Asiya qitəsi Avropa qitəsini geridə qoyacaq, bu rəqabətdə Latın Amerika və Yaxın Şərq ölkələrinin də payının kəskin şəkildə artacağı gözlənilir. THY-nin ən böyük məqsədlərindən biri bu rəqabət ortamında öz mövqeyini daha da gücləndirməkdir. Məlum olduğu kimi, hazırda THY dünyada ən çox bölgəyə səfər edən hava yolları şirkətidir. Şirkət Slovakiyanın paytaxtı Bratislava istisna olmaqla, Avropanın bütün paytaxtlarına səfərlər təşkil edir. Bratislavanın istisna olmasına səbəb isə, şəhərin Avstriyanın paytaxtı Vyananın bir neçə 10 kilometrliyində yerləşməsidir. İndi məqsəd həm Avropaya, həm də dünyanın müxtəlif bölgələrinə uçuş sayını artırmaqdır.

Ziya Taşkent THY-nin Azərbaycana xüsusi diqqət ayırdığını dedi. Belə ki, THY-nin təyyarələrinin ən çox enib-qalxdığı şəhərlərdən biri Bakıdır. Bakı buna görə şirkətin siyahısındakı ən ilk pillələrdə qərarlaşıb. THY gələcəkdə Lənkəran şəhərinə də reys açmağı planlaşdırır, indi bunun üçün ikitərəfli danışıqlar gedir.

THY dünyanın dörd bir tərəfinə sərnişin daşıyır. Ancaq bunun çətinlikləri də var. Ölkədən ölkəyə fərq, coğrafi müxtəliflik təhlükəsizlik meyarlarını da diqqətlə gözdən keçirməyi tələb edir. THY üçün ən vacib məsələlərdən biri də əməkdaşlarının təhlükəsizliyini maksimal şəkildə təmin etməkdir. Müasir dünyada hər bir şirkət üçün vacib məsələlərdən biri ictimai məsuliyyət anlayışına riayət etmək və bu sahədə yaxşı reputasiya qazanmaqdır. Ziya Taşkentin sözlərinə görə, THY sosial sahələrə: mədəniyyətə, təhsilə, elmə dəstək olmaq üçün müxtəlif layihələr həyata keçirir və gələcəkdə bu işləri daha da genişləndirmək niyyətindədir...Xidmət

"Türk Hava Yolları" sərnişinlərin yüksək keyfiyyətli qida ilə təmin etmək üçün “DO&CO The Gourmet Entartainment Company” ilə əməkdaşlıq edir. Mərkəzi ofisi Vyanada yerləşən “DO&CO” şirkəti müxtəlif restoran və barları, otelləri, şirkətləri, tədbirləri, o cümlədən hava yolları şirkətlərini yemək və qidalarla təmin edir.

“DO&CO” THY-dən başqa “Emirates”, “Qatar Airways”, “Pegasus Airlines” və s. məşhur şirkətlərlə əməkdaşlıq edir. Səfərimiz zamanı “DO&CO”nu da ziyarət etmək, yeməklərin hazılanmasına, servisinə öz gözlərimizlə şahid olmaq şansı qazandıq. Şirkət hər gün onminlərlə ton və saysız-hesabsız yemək çeşidi hazırlayır, müştərilərə təqdim edir. Onun ən böyük özəlliyi isə, təqdim etdiyi bütün yemək və qidaların təbii olmasındadır. Şirkət məhsullarını hazırlayarkən heç bir yarımfabrikatdan istifadə etmir. THY buna görə, təqdim etdiyi ərzaqların keyfiyyətli və dadlı olmasına zəmanət verir... 

Təlim

“Türk Hava Yolları” pilot və stüardessaların yüksək hazırlıqlı olmasına xüsusi diqqət yetirir. Atatürk hava limanının yaxınlığında yerləşən böyük bir binada hər gün çox sayda stüardessa və pilota mütəxəssislər təlim keçir. Hər bir ekstrimal vəziyyətə, gözlənilməz problemlərə hazır olmaları üçün stüardessa və pilotlar ciddi şəkildə sınaqdan keçirilirlər. THY-nin sınaq və təlim mərkəzinin üstünlüklərindən təkcə türklər deyil, dünyanın müxtəlif ölkələrindən göndərilən pilot və stüardessalar da yararlanırlar. Yaxşı pilot olmaq dünyanın ən çətin işlərindən biridir, bunun üçün uzun illər məşq etmək, təcrübəyə yiyələnmək lazımdır. Pilot həm fiziki, həm də psixoloji baxımdan, ən çətin anda ən doğru qərarı verə bilmək üçün yüksək səviyyədə hazırlıqlı olmalıdır. 10 000 metr yüksəklikdə buludların arasıyla uçmaq asan məsələ deyil, elə buna görə də, pilotların əmək haqqısı çox yaxşı olur. Elə stüardessaların da...

Dünya kürə formasındadır...Bu səfər zamanı mənim üçün ən yadda qalan hadisələrdən biri Aya Sofiyaya səfər oldu. İndiyə qədərki səfərlərimdə növbə əlindən bu gözəl memarlıq abidəsinə daxil olmağın çox çətin olduğunu düşündüyümdən, ora getməmişdim. Bu dəfə getdim, daha doğrusu apardılar. Növbədən keçmək olduqca asan imiş... Tikilinin içindəki möcüzələrin hamısından uzun-uzun, bir-bir danışmaq olar. Amma bu yazının daha da uzanmasına səbəb olardı, sadəcə bir onu demək kifayətdir ki, İstanbula ayaq basan hər kəs bu möhtəşəm tikilini mütləq görməlidir. Muzeydə məni ən çox təəccübləndirən kürə şəklindəki dünyanın üzərindəki xaç işarələri və bir əlində körpə İsanı, o biri əlində isə kürə şəklindəki dünyanı saxlayan mələk Cəbrayılın təsviri idi. 16-17-ci əsrlərdə Avropada “dünya kürə şəklindədir” deyən Cordano Bruno odda yandırılmış, Qalileo Qaliley isə son anda xilas olmuşdu. Katolik kilsəsi dünyanın düz olduğunu, onun mərkəzinin isə Vatikan olduğunu bildirirdi, Avropanın sıravi xristianları buna inanırdılar. Aya Sofiyadakı təsvirlərdə isə dünyanın kürə formasında olması bundan çox-çox əvvəllər adi bir fakt idi, hətta onun təsvirləri də vardı... Maraqlıdır, dünyanın kürə formasında olmasına dair fərziyyələrin Renessansdan sonrakı dövrə aid edənlər, deyəsən, Aya Sofiyanın içindəki təsvirləri görməyiblər. Ona görə də, ömür varkən, gəzmək, uçmaq, səyahət etmək, görmək və öyrənmək lazımdır...

Cavid Ramazanlı

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM