Türk nazirdən Azərbaycana təklif

12:41 | 05.12.2014
Türk nazirdən Azərbaycana təklif

Türk nazirdən Azərbaycana təklif

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov "Bakutel 2014” - 20-ci Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı çərçivəsində Türkiyə Respublikasının elm, sənaye və texnologiyalar naziri Fikri İşıkın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, iki qardaş ölkə arasında münasibətlərin bütün sahələrdə uğurlu inkişaf dinamikasına toxunan nazir Əli Abbasov əməkdaşlığın genişləndirilməsində rabitə və yüksək texnologiyalar sahəsinin xüsusi çəkiyə malik olduğunu vurğulayıb.

Texnoparkların yaradılmasında Azərbaycanın yeni addımlar atdığını da diqqətə çatdıran nazir bu sahədə artıq irəliləyişlər əldə etmiş Türkiyənin zəngin təcrübəsinin ölkəmiz üçün faydalı ola biləcəyini bildirib.

Elm, sənaye və texnologiyalar naziri Fikri İşık da ölkələrimiz arasında təcrübə mübadiləsinin vacibliyinə diqqət çəkərək, nəzəri biliklərin texnoloji həllərə yönəldilməsinin əhəmiyyətini qeyd edib. Dünya kosmik klubunun üzvü kimi, Azərbaycanın peyk sənayesinin inkişafında əsaslı rol oynaya biləcəyini də vurğulayan türkiyəli nazir bu sahədə birgə layihələrin reallaşmasını məqsədəuyğun sayıb.

Kosmik sənaye sahəsində, o cümlədən müşahidə peyklərinin istehsalında Türkiyənin müvafiq yer tutduğunu xatırladan Fikri İşık Azərbaycanla birgə peyk istehsalı imkanlarının nəzərdən keçirilməsi fikrini irəli sürüb. Türkiyəli qonaq bio, nano, yüksək texnologiyalar və digər istiqamətlər üzrə də birgə əməkdaşlıq üçün geniş potensialın olduğunu diqqətə çatdıraraq, bu potensialdan faydalanmağın hər iki ölkəyə böyük imkanlar qazandıracağını vurğulayıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM