Türk seriallarının yayımı qadağan edildi

10:20 | 30.09.2014
Türk seriallarının yayımı qadağan edildi

Türk seriallarının yayımı qadağan edildi

Ərdoğanın BMT tribunasından əl-Sisini tənqid etməsi Misir və BƏƏ-nin etiraz bəyanatı, daha sonra isə Şimali Kiprlə bağlı sənədin qəbul olunmaması ilə nəticələnibMisirdə Türkiyə seriallarının yayımına qadağa qoyulub. Almaniyanın “Die Welt” qəzetinin yazdığına görə, Misirin informasiya naziri Əssam əl-Əmir Türkiyə seriallarının efirdən yığışdırılması ilə bağlı yerli telekanallara təlimat verib. Bundan başqa, nazirlik peyk üzərindən yayımlanan Misir telekanallarına məktub göndərərək türk seriallarını efirdən çıxarmalarını tələb edib.Bu hadisə Misir hökumətinin Ərdoğanın ötən həftə BMT Baş Məclisinin tribunasındakı çıxışına cavab hesab olunur. Qeyd edək ki, sentyabrın 24-də BMT Baş Məclisinin toplantısında çıxış edən Türkiyə prezidenti BMT TŞ-nin 5 daimi üzvünü sərt tənqid etmişdi. Bundan başqa, Ərdoğan BMT-ni Misirdə hərbi çevrilişə seyrçi qalmaqda günahlandırmışdı. Türkiyə prezidenti bildirib ki, Misirdə xalq səsverməsi ilə seçilən prezidentin güc yolu ilə devrilməsinə etiraz edən xalq qətlə yetirilərkən BMT və dünya ölkələri bunu sadəcə seyr edib. Eyni zamanda Ərdoğan dünya ölkələrini hərbi çevriliş edənləri leqallaşdırmaqda ittiham edib. Gözlənildiyi kimi, Türkiyə prezidentinin Misir prezidenti Əbdülfəttah əl-Sisini sərt şəkildə tənqid etməsi iki ölkə arasında münasibətləri yenidən gərib. Ərdoğanın çıxışından az sonra Misir XİN bəyanatla çıxış edərək Türkiyə prezidentini tənqid edib. Bundan az sonra isə Birləşmiş Ərəb Əmirlikləri XİN oxşar məzmunlu bəyanat verərək Ərdoğanın hərəkətini pisləyib. Ancaq məlum olub ki, ərəb ölkələri Türkiyənin bu hərəkətini unutmaq fikrində deyil. Belə ki, bu hadisədən bir neçə gün sonra İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin Nyu-Yorkda keçirilən toplantısında yekun bəyanata Türkiyə hökuməti Şimali Kipr Türk Respublikası ilə bağlı bənd əlavə etməyi təklif etsə də, Misir və BƏƏ-nin müdaxiləsi ilə təklif qəbul edilməyib. Adıçəkilən ölkələr yalnız Cənubi Kipri, yəni yunan dövlətini tanıdıqlarını və ŞKTC-ni isə yalnız Türkiyənin tanıdığını bəyan edərək yekun bəyannaməsinə Şimali Kiprin adının salınmasına imkan verməyiblər. Bu hadisə Türkiyə-Misir münasibətlərinə və göründüyü kimi, digər ərəb ölkələri ilə olan diplomatik əlaqələrə zərbə vurub. Qeyd edək ki, son illərdə Türkiyənin ərəb ölkələri ilə münasibətləri xeyli inkişaf edib. Ancaq Misirdə baş verən hərbi çevrilişdən sonra Türkiyənin dəstəklədiyi “Müsəlman Qardaşlar” Hərəkatının hakimiyyətdən salınması Türkiyədə sərt etirazla qarşılanıb. Ankara Misir hərbi rəhbərliyinin hərəkətlərini pisləyib. Bundan sonra Ankara ilə Qahirə arasında diplomatik münasibətlərdə gərginlik yaranıb. Misir Qahirədəki səfirini geri çağırdı. Misir rəhbərliyinin yerli telekanallarda türk seriallarını qadağan etməsi rəsmi Qahirənin Ankaraya daha bir zərbəsi hesab oluna bilər. Çünki son 10 ildə Türkiyə serialları ərəb ölkələrində geniş yayılıb və böyük rəğbət toplayıb. Bu, həm də Türkiyənin mədəni təbliğatı, turist cəlb olunması və reklam gəlirlərinə böyük təsir edir. Musavat.com
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM