Türkiyə İŞİD-lə şantaj edilir Açıqlama

17:46 | 08.10.2014
Türkiyə İŞİD-lə şantaj edilir Açıqlama

Türkiyə İŞİD-lə şantaj edilir Açıqlama

İŞİD terror qüvvələrinin Türkiyə ilə sərhəd Kobani vilayətinə çatmasından sonra Türkiyədə daxili gərginlik durmadan artır. Bir neçə gün öncə İŞİD-in PKK-lı əsgərləri güllələməsi faktı Türkiyədəki  PKK tərəfdaşlarının hiddətinə səbəb olub. Dünən başlanan iğtişaşlar Diyarbakır, Mardin, Siirt, Muş, Van və Batman əyalətləri ilə yanaşı İstanbulda da davam edib. Ötən gün Şırnakda etirazçıların Türkiyə Cümhuriyyətinin qurucusu M.K.Atatürkün heykəlinin başını qoparıb ayaqlar altına atması ölkədə gərginliyi daha da artırıb. PKK tərəfdaşları Türkiyəni məsələyə biganə qalmaqda, İŞİD-lə müttəfiq olmaqda ittiham edir. Mövzu ilə bağlı ANN.Az-a açıqlama verən Oğuz Müstəqil Araşdırmalar Mərkəzinin sədri Vüqar Zifəroğlu, Türkiyənin şantaj edildiyini bildirib: "Türkiyə şantaj edilir. Hazırda baş verən hadisələrin fonunda Türkiyəyə yönəlik diplomatik çağırışlara başqa ad vermək mümkün deyil. Ən maraqlı məqam ondan ibarətdir ki, bu zaman Türkiyə iki istiqamətdən həmləyə məruz qalır: xaricdən – Qərb vasitəsi ilə və daxildən – HDP və radikal sol qüvvələrin əli ilə. Bu zaman hər şey Türkiyə ilə İŞİD-i açıq şəkildə üz-üzə qoymağa hesablanır. Sadəcə hər iki tərəfin bu zaman istifadə etdiyi metodlar fərqlidir. 

ABŞ-ın və ya Avropa güclərinin endirdiyi hava zərbələrinin effekti sıfırdır. Nə coğrafi şərait, nə də İŞİD-in taktiki gedişləri bu zərbələrdən maksimal nəticə almağa imkan verir. Nəticə: konkret irimiqyaslı quru əməliyyatları aparılmalıdır. İŞİD-ın İraq demarşı yeni start götürdüyü zamanlarda nə bölgədəki etnik yapı (yəni, kürdlər və ərəblər), nə də ki, bölgədəki güclər (ABŞ, Qərb, ərəb ölkələri) Türkiyənin təkbaşına həyəcan siqnalına adekvat reaksiya verməmişdilər. Hətta ABŞ və NATO rəsmi şəkildə «baş verən hadisələri ürəkağrısı ilə seyr etdikləri, lakin birbaşa müdaxilənin hazırda onların maraqlarına cavab vermədiyi» açıqlamasını vermişdilər. O zaman hədəfdə türkmənlər idi. Və İŞİD-ə qarşı da ən mütəşəkkil müqaviməti türkmənlər təşkil etmişdilər. Sonrakı proseslər isə gedişatı dəyişdi. Artıq hədəfdə zəngin neft yataqları ilə bol olan əraziləri nəzarət altında saxlayan kürd peşmərgələrdir. Türkiyənin isə İŞİD məsələsində ilk əvvəllər olduğu kimi aktiv mövqe sərgiləməməsi, hətta rəsmi Ankaranın İŞİD-ə qarşı qurulan koalisiya məsələsində passiv mövqe tutması, türk diplomatlarının azad edilməsi ilə nəticələndi. 

Əslində Türkiyənin belə bir mövqe yolu tutması təbii və anlaşılandır. İŞİD-lə birbaşa, özü də tək halda üz-üzə gəlmək heç bir şəkildə maraqlara cavab vermir. Lakin indi Ankaranı bu qarşıdurmaya sürükləyirlər…

Birmənalı şəkildə vurğulanmalıdır ki, Dəmirtaşın açıqlaması Türkiyə hökumətini və ictimaiyyətini şantaj etməkdən başqa bir şey deyil. Kobani ilə Azərbaycanın müqayisə edilməsini başqa cür qiymətləndirmək olmaz zatən. Dünəndən başlayaraq Türkiyənin güney-doğusunda baş verən hadisələr bir daha onu sübut etdi ki, heç bir açılım layihəsi kürd sorununun həll edilməsi üçün yetərli olmayacaq. Bu sadəcə münasibətləri hər iki tərəfə sərf edəcək şəkildə müvəqqəti dondurmağa xidmət etsə də, ilk qığılcımdaca təkrar yeni qarşıdurmalara səbəb olacaq, necə ki, Tuncelidə biz bunun şahidi olduq. 

Əslində Türkiyənin İŞİD-PYD qarşıdurmasında kürdlərə dəstək verməməsinin səbəbləri çoxdur. Və İŞİD-lə meydanda təkbaşına savaşmağın heç bir maraq çərçivəsinə sığmaması bunlardan yalnız biridir. Məsələ ondadır ki, PYD – terror təşkilatı PKK-nın rəsmi Suriya qoludur və Ankaranın hər hansı bir dəstəyi nəticə etibarı ilə Türkiyənin öz daxilində haqlı və çox ciddi narazılıqlara təkan verə bilər. Zatən bu «kürd açılımı» macərası türk ictimaiyyəti tərəfindən birmənalı qəbul edilmir. Qarşıdan isə parlament seçkiləri gəlir. Və bu seçkilər AKP iqtidarı üçün olduqca vacibdir. Başqa bir səbəb isə Əsəd iqtidarına münasibətdir. Türkiyənin Suriya içindəki qarşıduran qüvvələr arasında özünə yaxın bildiyi müxaliflər – Azad Suriya Ordusudur. PYD isə həm PKK uzantısıdır və digər tərəfdən də rəsmi Ankaranın Suriya iqtidarına münasibəti ilə ciddi fikir ayrılığı var. Suriyadakı kürdlər Əsəd rejimini ciddi şəkildə müdafiə edirlər. Türkiyənin isə bu məsələdəki prinsipial mövqeyi bəllidir. 

Ankaranın fikrincə isə, problemin qaynağı – Əsəddir, İŞİD- sadəcə simptomdur. Və beləlikə: Ankara Əsədi istəmir və Azad Suriya Ordusunu dəstəkləyir; ABŞ ilk növbədə İŞİD-ı istəmir və buna görə də Əsədlə müttəfiq olan PYD-ə hava zərbələri ilə dəstək verir; PYD Əsədi istəyir, İŞİD-ı istəmir, lakin Türkiyədən də dəstək umur; İŞİD isə bunların heç birini istəmir… 

Bax belə bir qarışıq mənzərə yaranır.”

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM