Türkiyə yenə qarışdı: 15 ölü, çoxsaylı yaralı - FOTOLAR

09:31 | 08.10.2014
Türkiyə yenə qarışdı: 15 ölü, çoxsaylı yaralı - FOTOLAR

Türkiyə yenə qarışdı: 15 ölü, çoxsaylı yaralı - FOTOLAR

Türkiyənin bir neçə şəhərlərində baş vermiş iğtişaşlar zamanı 15 nəfər ölüb. ANN.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, ölkənin 6 əyalətində oktyabrın 8-dən komendant saatı elan edilib. Komendant saatı Diyarbakır, Mardin, Siirt, Muş, Van və Batman əyalətində tətbiq edilib. Məhz bu bölgələrdə etirazlar və iğtişaşlar daha geniş vüsət alıb. Etirazçılar mağazalara və bələdiyyə əmlakına ciddi zərər vurur, polis əməkdaşlarını daş-qalaq edir. Etirazçılar həmçinin yandırıcı maye ilə doldurulmuş şüşə qablarından istifadə edərək  bina və obyektlərə, avtomobillərə od vurur.    Etiraz aksiyalarında, əsasən, yerli kürdlər, kürdyönümlü partiyaların və PKK-nın tərəfdarları iştirak edirlər. Suriyanın Kobani şəhəri ətrafında yaranmış vəziyyətin iğtişaşlara əsas səbəb olduğu bildirilir.  Qeyd edək ki, bu şəhərdə “İŞİD” qüvvələri və kürd özünümüdafiə dəstələri arasında hazırda şiddətli döyüşlər davam etməkdədir və etirazçılar rəsmi Ankaranın münaqişəyə müdaxilə etməmək və gözləmə siyasətinə üstünlük verməsinə qarşı çıxış edirlər.        Toqquşmaların  etirazçılar və polis qüvvələri, həmçinin müxtəlif kürd təşkilatlarının tərəfdarları arasında da baş verdiyi qeyd olunur. İğtişaşlar zamanı ölənlərin hamısı izdihamın arasında olan silahlı şəxslər tərəfindən güllələnib, yaxud da toqquşmalar zamanı bıçaq və digər xəsarətlər səbəbindən ölüblər. Onlarla insanın xəstəxanalarda ağır vəziyyətdə olduğu bildirilir.       DİN-in bəyanatında Kobani ilə bağlı şayiələr yayaraq əhalini iğtişaşlara təhrik edən təxribatçılara qarşı sərt tədbirlər görüləcəyini qeyd edib. İstanbul və Ankara da daxil olmaqla, bir neçə əyalətdə asayiş keşikçilərinə Qurban bayramı ilə əlaqədar verilmiş 5 günlük istirahət və məzuniyyətlər ləğv olunub.   Polis etirazçılara qarşı gözyaşardıcı qaz, su şırnağı, bəzi hallarda isə rezin güllələrdən istifadə edir.     Bu arada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb dövlətlərinin Suriyaya və İraqa müdaxilə etməmək siyasətini kəskin tənqid edib.  Ötən gün  Qaziantep şəhəri yaxınlığındakı “İslahiyyə” düşərgəsində Suriya qaçqınları qarşısında çıxışı zamanı Ərdoğan qeyd edib ki, quru əməliyyat olmadan endirilən hava zərbələri “İŞİD” qüvvələrinin irəliləməsinin qarşısını ala bilməyəcək.      “Tək hava zərbələri ilə terroru aradan qaldırmaq mümkün deyil. Quru əməliyyatın aparılması üçün əməkdaşlıq gərəkdir”.  Ərdoğanın sözlərinə görə, Suriyadakı böhranın aradan qaldırılması üçün uçuşsuz zona və təhlükəsizlik-bufer zonaları elan etmək lazımdır, həmçinin, qeyri-radikal müxalifət qüvvələrinin dəstəklənməsi gərəkdir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti