TRT-nin Bakı təmsilçisi Yüksel Değercan yeni vəzifəyə təyin edilib. O, fəaliyyətini TRT-nin Xarici əlaqələr şöbəsində sədr müavini olaraq davam etdirəcək.
TRT-nin Bakı təmsilçiliyindən ANN.Az-a verilən məlumata görə, səlahiyyət müddəti dekabrın 6-da sona çatan Yüksel Değercan yeni vəzifəsinə dekabrın 9-da Ankarada başlayacaq. TRT-nin Bakı təmsilçiliyinə isə Emrah Timuçin Yazıcının rəhbər təyin edilməsi gözlənilir.
Qeyd edək ki, Yüksel Değercan Bakıda 5 il fəaliyyət göstərib, müxbir və rəhbər olaraq TRT-ni layiqincə təmsil edib. Onun yeni vəzifəsində fəaliyyəti Qafqaz və Orta Asiya ölkələrini əhatə edəcək, eləcə də Azərbaycanla sıx-sıx əlaqədə olacaq.
Değercan Türkiyə-Azərbaycan qardaşlığı və dostluğunun əbədi olduğunu vurğulayıb və "hansı vəzifədə oluramsa olum iki vətənim üçün çalışmağa davam edəcəyəm" deyib.
Yüksel Değercan Azərbaycanda çalışdığı müddətdə siyasi, iqtisadi, sosial mövzularda, eləcə də Dağlıq Qarabağ münaqişəsi haqqında Türkiyə və dünya tamaşaçıları üçün çoxsaylı xəbər və proqramlar hazırlayıb.
ANN.Az