Məhkəmədə evə tualet quraşdıracağını boyun olandan sonra Hindistan sakini əri ilə barışıb.
Bu haqda «The Hindu» xəbər yayıb.
30 yaşlı Devkaran Malvi 2014-cü il yanvarın 10-dək yaşadıqları mənzilə sanitar qovşağını quraşdıracağına söz verib. Həmin günə məhkəmənin növbəti iclası təyin olunub. Xanımının evə qayıdacağı vaxt dəqiqləşdirilməyib.
Malvi xanımı Savitlə 3 ildir bir yerdə yaşamır. Onlar 7 il öncə ailə həyatı qurub. 27 yaşlı Savit valideynlərinin evinə qayıdaraq, hər ay maddi yardım tələbi ilə ərini məhkəməyə verib.
Məhkəmə dinləməsi zamanı Savit ərindən ayrılmağının səbəbini açıqlayarkən bildirib ki, evdə normal tualet olmadığından ehtiyacını küçədə etmək məcburiyyətində qalırmış. O, bunun «çox alçaldıcı və utandırıcı» olduğunu vurğulayıb.
Lent.az