"Turizm haqqında” qanun layihəsindəki ən böyük problemlərdən biri rekreasiya zonalarında tikintiyə icazənin verilməsi ilə bağlıdır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət məsələlər komitəsinin bu gün keçirilən iclasında MM-in Sosial qanunverilcilik şöbəsinin bölmə müdiri Adil Vəliyev çıxış edərkən deyib.
"Turizm haqqında” qanun layihəsinin kifayət qədər irihəcmli sənəd olduğunu deyən A.Vəliyev qeyd edib ki, layihədə bəzi açıq məsələlər qalıb:
"Ən böyük problemlərdən biri rekreasiya zonalarında tikintiyə icazənin verilməsidir. Orada tikintiyə icazənin nəzarət orqanı tərəfindən verilməsi mübahisə predmetidir. Bununla bağlı biz Mədəniyyət və Turizm Nazirliyi ilə ortaq razılığa gəlib mqüəyyənləşdirməliyik ki, sahibkarlar üçün əlavə problemlər yaranmasın, icazənin özü üçün bir "icazə” sənədi olmasın”.
A.Vəliyev qeyd edib ki, layihədə turizm ekspertizası ilə bağlı maddə kifayət qədər lakonik hazırlanmalıdır.
Onun sözlərinə görə, layihədə Dövlət Turizm Reyestri ilə bağlı maddədə də dəyişiklik edilməlidir:
"Burada onlayn sistemin tətbiqi ilə bağlı müəyyən problemlər var. Reyestr xidmətinə onlayn müraciət olunsun və daha sonra müraciət edən şəxsin fəaliyyəti üzrə yoxlama aparılsın. Bu da müraciət edən şəxslərin fəaliyyətinin sadələşdirilməsi deməkdir”.
A.Vəliyev qeyd edib ki, qanun layihəsindəki 40-cı - fövqəladə hallar zamanı tədbirlər ilə bağlı maddə ümumiyyətlə götürülməlidir. Çünki buradakı məsələlər Fövqəladə Hallar Nazirliyinin əsasnaməsində kifayət qədər öz əksini tapıb. Bundan başqa, turistlərin və ekskursantların daşınması xidmətlərinin təşkilinin tənzimlənməsi də digər normatv hüquqlarla tənzimlənir, ona görə bu maddəni də qısaltmaq olar.
Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov bildirib ki, Azərbaycanın turizm imkanlarının bir turizm məhsulu kimi təqdim edilməsi üçün koordinasiya işləri aparılmalıdır:
"Biz nə Fövqəladə Hallar Nazirliiynin, nə də rayon, şəhər icra hakimiyyətlərinin və digər dövlət qurumlarının səlahiyyətinə giririk. İcra haçkimiyyətləri torpaqları icarəyə verir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitlə bağlı məsələləri tənzimləyir. Bu gün bu məsələlərin hamısının turizm məhsulu kimi ortaya gətirmək üçün Mədəniyyət və Turizm Nazirliyinin ortaq koordinasiyası lazımdır. Bizim Türkiyədən dəvət etdiyimiz təcrübəli ekspertlər bildirdilər ki, Türkiyədə olduğu kimi, Azərbaycanda rekreasiya zonalarının inkişafına nail olmaqdan ötəri tikintiyə başlamaq üçün investisiya sənədi və müəssisənin fəaliyyəti üçün ayrıca sənəd təqdim olunmalıdır. Bizim hədəflərimiz də odur ki, sahibkarlar qarşısındakı maneələləri sıfıra endirək. Bölgələrdə yataq yerlərin sayını artıraq, infrastrukturu genişləndirək. Bununla həm bölgəni inkiaşf etdirək, həm də işsizliyi aradan qaldıraq”.
M.Qəhrəmanov qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyi olaraq ölkədəki turizm potensialının nələrdən ibarət olduğunu bilməliyik:
"Bilməliyik ki, hansı ərazilərdə termal sular var, onu necə istifadə etmək olar. Bunu Mədəniyyət və Turizm Nazirliyi etmir, müvafiq qurumlar edir. Nazirlik sadəcə onu turizm məhsulu kimi təqdim edir”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !