Türk iş adamı: “Neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına pozitiv təsir göstərəcək” - MÜSAHİBƏ

14:55 | 11.09.2015
Türk iş adamı: “Neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına pozitiv təsir göstərəcək” - MÜSAHİBƏ

Türk iş adamı: “Neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına pozitiv təsir göstərəcək” - MÜSAHİBƏ

70 illik təcrübəsini və yeni texnologiyalarını Azərbaycana gətirən "KoçSistem" informasiya texnologiyaları üzrə Türkiyənin aparıcı şirkətidir. 

Qurumun Azərbaycandakı hədəfə  2020-ci il üçün inkişaf konsepsiyasına nail olmasında iştirak etmək, rəqabət qabiliyyətini artırmaq, rəqəmsallaşmaya dəstək vermək, texnologiyalar üzrə layihələrdə hər kəs dəstək olmaqdır. 

"KoçSistem” müştərilərinə konsaltinq, korporativ xidmətlər, biznes təcrübələri və əhatəli texnoloji xidmətlər təqdim edir. O, göstərdiyi xidmətlər və hazırladığı texnologiyalarla Türkiyə və Azərbaycanla yanaşı, İngiltərə və Almaniya da daxil olmaqla Avropa bazarında da fəaliyyət göstərir.

ANN.Az-ın müsahibi hazırda "KoçSistem Azərbaycan"a rəhbərlik edən professor Ali B. Kutvandır.

- "KoçSistem Azərbaycan” şirkətinin fəaliyyəti sizi qane edirmi? Gələcək planlarınızda hansı layihələrin icrası nəzərdə tutulub?  
 
- Artıq 3 ildir "KoçSistem Azərbaycan” şirkəti Azərbaycanda fəaliyyət göstərir. Mən isə 4 aydır "KoçSistem Azərbaycan”ın baş direktoru olaraq işə başlamışam. Ümumilikdə,  "KoçSistem” şirkətinin 70 illik tarixi var. Hazırda fəaliyyətimizlə bağlı heç bir problemimiz yoxdur. Əksinə, işimizdən daha çox məmnunluq hiss var. Buradakı fəaliyyətimizlə əlaqədar yeni qərarlar qəbul etmişik. Qafqaz Universitetinin Texnoparkında mərkəz qururuq. Orada istehsal olunan məhsullarımızı öncə Azərbaycan, sonra Qafqaz respublikalarının və daha sonra isə dünya bazarlarına çıxarmağı planlayırıq. Burada 100 faiz Azərbaycandan olan işçilərin çalışmasına şərait yaradılacaq. Hazırda orada 20 nəfərdən ibarət bir komanda formalaşdırmağa çalışırıq. Onlara rəhbər olaraq bir elm adamının təyin olunmasını istəyirik. 

- Əsas fəaliyyət istiqamətləriniz hansılardır? 

- "KoçSistem Azərbaycan” olaraq fəaliyyətimizi 4 sektora uyğun davam etdiririk: ictimai sektor, maliyyə sektoru – bank , texnologiya sektoru,  sonuncu isə böyük müştərilərlə olan əlaqələr.

- Azərbaycanda çalışdığınız müddət ərzində sizə çətinlik və problem yaradan faktorlar varmı? 

- Keçən dəfə bank  sektoru ilə bağlı tədbir keçirmişdik və bu zaman bir neçə bankla birgə layihələr üzərində çalışmaq imkanı qazanmışdıq. Burada bir növ yerli, lokal, strateji iş birliyi müqavilələri imzalamışıq ki, onlarla əməkdaşlıq edək. Bu strateji mövqeyin mahiyyəti ondan ibarətdir ki, biz bazar mühitində bir-birimizə qarşı mübarizə aparmayacayıq, əksinə birlikdə, bərabər şəkildə işləyib daha da böyük uğurlar əldə edəcəyik. Bu, bir növ əməkdaşlıq, bərabər işləmək strategiyası adlanır. Bu səbəbdən də fəaliyyətimizlə bağlı çətinliyimiz və problemlərimiz yox dərəcəsindədir. 

- Azərbaycanda fevral ayında baş verən devalvasiya "KoçSistem Azərbaycan”a necə təsir göstərdi?

- Azərbaycanda baş verən devalvasiya "Koçsistem Azərbaycan”a çox da böyük təsir göstərmədi. Hazırda  pul olmadığı üçün bazarda bir daralma müşahidə olunur. Bizim çalışdırmağı düşündüyümüz şirkətlər pul xərcləmirlər. Dolayısı ilə bəzi layihələrə start verilməli idi, amma biz buna başlaya bilmədik. Sanki bir durğunluq var. Amma bu sadaladıqlarım bizim fəaliyyətimizə əsaslı təsir göstərməyib. Hesab edirik ki, bu vəziyyət çox da uzun müddət davam etməyəcək.  Eyni zamanda qedy edim ki, "Koç Holdinq” böyük bir şirkətdir. Türkiyədə 100 min işçimiz var. Bununla da "Koç Holdinq” Türkiyə ixracatının 10 faizini təmin edir. Vurğulamaq istəyirəm ki, bizim daxili müştərilərimiz Azərbaycanın ümumi əhalisindən 2 milyon nəfər çoxdur. Bir sözlə, devalvasiya "KoçSistem Azərbaycan”a elə də ciddi təsir etməyib. Yəni qismən, azacıq təsirini göstərib. Amma 1-2 il ərzində Azərbaycan iqtisadiyyatının yeni yüksəlişlərə doğru addımlayacağını və daha çox layihələrin həyata keçiriləcəyini düşünürəm.   

- Devalvasiyadan qorunmaq üçün "KoçSistem Azərbaycan” hansı üsullardan istifadə etdi? Digər şirkətlərə hansı məsləhətləri verərdiniz?

- Geniş şəkildə devalvasiya olarsa, uzunmüddətli olmasa da, qısa zaman ərzində "KoçSistem Azərbaycan”a da təsir göstərə bilər.  Amma yenə deyirəm, bu devalvasiyanın olması "KoçSistem” üçün, ümumiyyətlə Azərbaycan iqtisadiyyatı üçün pozitiv təsir edəcəyini düşünürəm. Bunun səbəbi ondan ibarətdir ki,  şirkətlər əvvəllər effektiv menecer sisteminə diqqət etmirdilər, şirkətin əldə etdiyi nailiyyətlərinə yadda saxlamır, neft sektorundan pul gəlir və bol şəkildə xərclənirdi. Bu, çox davam etdirilən, heç də yaxşı bir iqtisadiyyat siyasəti deyil. Son vaxtlar baş verən hadisələr göstərdi ki, şirkətlərin effektiv bir menecer sisteminə ehtiyacı var.  Şirkətlər əldə etdikləri uğurlara diqqət etməli  və onlara qarşı olanlara sərt tənqidlərini bildirməlidir. Bizim istehsal etdiyimiz məhsullar şirkətlərin daha effektiv çalışmasına təsir göstərir. Fikrimcə, bu onların uğurlarını daha da inkişaf etdirmələri üçün yaxşı bir fürsətdir. Biz şirkət olaraq bu sadaladığım tədbirlərdən istifadə etdiyimiz üçün daha az zərərlə iqtisadi böhranın öhdəsindən gələ bildik.

- Azərbaycanda fəaliyyət göstərən bir türk iş adamı olaraq ölkə iqtisadiyyatına böyük uğur gətirəcək hansı iqtisadi addımın atılmasını vacib hesab edirsiniz?

- Neftin qiymətinin düşməsi, devalvasiyanın olması Azərbaycan iqtisadiyyatına pozitiv təsir göstərəcəyi qənaətindəyəm. Mən Azərbaycana 2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin dəvəti əsasında Strateji və İnkişaf proqramının hazırlanmasına görə gəlmişdim. Hətta o zaman belə deyilirdi ki, neft sektoru tək başına davam etdirilə biləcək bir iqtisadi sahə deyil. Dünya bazarlarında neftin qiyməti düşə bilər. Bu səbədən də Azərbaycanda qeyri-neft sektorunun daha çox inkişafı üçün  tədbirlər geniş şəkildə aparılmalıdır. Həmin ildə neftin qiyməti təxminən 90 dollar civarında idi. İndi isə bizim bu təklifləri söyləməyimizin boş, hədər yerə olmadığı görünür. Bu Azərbaycan üçün uzun müddətdə verilmiş üstünlükdür, yəni bir fürsətdir. Neftin qiymətinin dəyişməsi, İranın ABŞ-la iş birliyinə başlaması, İran qazının dünya bazarına çıxarması mərhələsində olması və.s. bundan başqa  Azərbaycanın mütləq sürətdə beynəlxalq aləmdəki bazarlarda rəqabət edə biləcək məhsullar istehsal etməsi lazımdır. Yəni daha dəqiq desək, qeyri neft sektorunu inkişaf etdirmək lazımdır. 

Söhbətləşdi: Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM