İstiPress-in məlumatına görə, artıq Ermənistan baş naziri Karen Karapetyan "Daşnakustyun” partiyasının təmsilçisi Levon Mkrtçyana tapşırıq verərək ölkədə rus dilinin inkişaf konsepsiyasını inkişaf etdirməyi tapşırıb.
Bu, Ermənistanda ciddi sarsıntı yaradıb və ermənilər bununla Rusiyanın tam müstəmləkəsinə çevriləcəklərini düşünürlər. Məsələ, bundadır ki, hələ sovet dövründə Ermənistanın dövlət dili erməni dili idi və bu üstünlük 15 sovet respublikası içində yalnız 3 Cənubi Qafqaz respubilkasına aid idi. Azərbaycanda bu üstünlük bəzən kağız üstündə qalsa da və bəzi idarələrdə yazı-pozu işləri rusca aparılsa da, Ermənistanda hətta rusları belə dövlət idarələrinə ərizəni ermənicə verməyə məcbur edirdilər.
İndi isə Rusiya müstəqil Ermənistanı sovet dövründəkindən də alçaldılmış vəziyyətə salır və erməni şərhçi Naira Ayrumyan bunu dövlət müstəqilliyinin son qalasının verilməsi kimi dəyərləndirib: "Erməni dili Ermənistanın hakim sinfi tərəfindən müstəqilliyin son qalası kimi qəbul edilir. Bu sinif dili qorumaqla qol çəkdiyi total təslim aktına haqq qazandırmaq istəyir… Amma çətin ki, dili qorumaq mümkün olacaq, çünki qalan hər şey təslim haqqında "sülh müqaviləsi” ilə sakitcə verilib”.
"1in.am” saytının yazdığına görə, Ermənistanda heç bir məsələ ilə bağlı Rusiyanın əleyhinə getməyə risk etmirlər və bunun işğal etdikləri torpaqların itirilməsi ilə nəticələnəcəyindən qorxurlar. Bu gün başlayan və sentyabrın 30-a kimi davam edəcək Azərbaycan - Türkiyə birgə təlimləri bu qorxunu bir qədər də artırıb.
Müxtəlif erməni KİV-ləri, hətta Rusiya KİV-lərinin Ermənistandakı filialları belə təlaşla təlimləri şərh edirlər. Erməni politoloq Yervand Bozoyan "Sputnik Armeniya”ya müsahibəsində təlimləri Ermənistana təzyiq vasitəsi kimi dəyərləndirib. Bozoyan təlimlərdə 30-dan çox hərbi təyyarənin iştirakını xüsusi vurğulayıb. Onun fikrincə, təlimlər Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda Ermənistana təzyiq göstərilməsi üçün keçirilir.
"Sputnik Armeniya” həm də Türkiyənin münaqişəyə müdaxiləsinin hansı miqyasda olacağına diqqət yetirib. Əksər erməni şərhçilər Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olduğunu nəzərə alıb müharibəni ancaq işğal olunmuş ərazilərdə gedəcəyini ehtimal edirlər. Bu durum Ermənistanı Rusiyadan daha asılı vəziyyətə salır.
Göründüyü kimi, Ermənistan Dağlıq Qarabağı işğal altında saxlamaq üçün hər şeydən - hətta dövlət müstəqilliyindən keçməyə hazırdır və demək olar ki, dövlət müstəqilliyini tam itirmək üzrədir. Erməni şərhçi Manvel Sarkisyan "1in.am”a müsahibəsində bildirib ki, erməni hakimiyyəti hətta Qarabağ məsələsi ilə bağlı belə Rusiya ilə "bərabər hüquq” səviyyəsində danışmaq səlahiyyətinə malik deyil:
"Yalnız susmaq və öz hüquqlarından imtina etmək lazımdır, əks halda qorxurlar ki, onları döyərlər və ya cəzalandırarlar. Ciddi, təhsilli, dünya görmüş insanlar Ermənistanda deyirlər ki, Qarabağdan danışmayın, susun, yoxsa çox pis olacaq”.
Ola bilər ki, Ermənistan prezidenti Serj Sarkisyanın da öz ölkəsində Qarabağ barədə danışıqları məhz bu səbəbdən reallıqdan uzaq və məntiqsizdir. Bu gün İrəvanda 6-cı Diaspora - Ermənistan forumunda çıxış edən Sarkisyan Azərbaycanın beynəlxalq prinsiplərə əməl etmədiyini iddia edib, əks halda sülh olacaqmış.
Beynəlxalq prinsiplər, yəni Sarkisyanın vurğuladığı Madrid prinsipləri sülhə doğru ilk addım kimi Dağlıq Qarabağ ətrafındakı 5 rayondan Ermənistan ordusunun çıxarılmasını tələb edir. Lakin Ermənistan bunu etmir və edə də bilməz. Çünki Qarabağda əsas söz ona yox, tabe olduğu Moskvaya aiddir. Sirr deyil ki, aprel döyüşlərində də atəş Azərbaycan və Rusiya baş qərargahlarının danışıb anlaşmasından sonra dayandırılıb. Yəni Ermənistan əmrə tabe qul kimi Moskvanın dediklərini yerinə yetirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !