Türkiyə Qara dənizdəki Sakarya yatağında gündəlik təbii qaz hasilatını 2025-ci ilin birinci rübündə 10 milyon kubmetrə çatdırmağı planlaşdırır. Bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Sabah” qəzetinə müsahibəsində bildirib.
"Qara dəniz qazının hasilatı ötən bazar günü (aprelin 28-də) sutkada 4,5 milyon kubmetrə çatıb, mayda isə bu rəqəmi 5 milyon kubmetrə çatdırmaq niyyətindəyik. 2025-ci ilin birinci rübündə gündəlik hasilat 10 milyon kubmetr təşkil edəcək. Hazırda yeni platformanın Sinqapurda yenidən qurulması işi davam edir və yeni ilə qədər platforman Türkiyəyə gətirməyi düşünürük. Platforma istifadəyə veriləndən sonra hasilat gündəlik 10 milyon kubmetrə kimi artacaq”, - nazir bildirib.
Eyni zamanda, o, Sakarya yatağının ərazisində yeni qaz kəşflərinə ehtiyac olduğunu qeyd etdi, çünki bu bölgə "daha böyük potensiala malikdir".
"Hazırda Qara dənizdə Rumıniya ilə eksklüziv iqtisadi zonamızın sərhəddində, Sakaryadan bir qədər aralıda "Geytəpə-1” kəşfiyyat quyusu qazılır və mayda axtarış üçün həmin ərazidə daha bir quyunun qazılmasına başlanılacaq", - nazir bildirib.
Energetika Nazirliyinin rəhbəri əlavə edib ki, Türkiyə qazdan sonra Qara dənizdə neft yataqları axtarmaq niyyətindədir.
"İyunda neft izlərini axtarmaq üçün Sakarya yatağının cənub hissəsində qazma işlərinə başlamağı planlaşdırırıq", - Bayraktar deyib
İlkin mərhələdə bu yataqdan sutkada təqribən 10 milyon kubmetr və ya ildə 3,4 milyard kubmetrdən 4 milyarda qədər qaz hasil edilməsi planlaşdırılır. 2028-ci ilə qədər gündəlik hasilat 40 milyon kubmetrə (ildə 15 milyard kubmetr) çatmalıdır.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !