Konstitusiyaya görə avqustun 23-dək hökumət təşkil olunmazsa, bütün partiyaların hakimiyyəti paylaşacağı keçid hökuməti yaradılmalıdır.
Türkiyədə baş nazir Ahmet Davutoğlu müxalif siyasi partiyalarla koalisiya danışıqlarında uğur əldə edə bilmədikdən sonra hökumət təşkili mandatını prezident Recep Tayyip Erdoğana qaytarıb.
Erdoğanın Ədalət və İnkişaf Partiyası (AKP) bildirib ki, partiya yaranmış vəziyyətdəki strategiyasını sentyabrın 12-də keçiriləcək konqresində müəyyənləşdirəcək. Müşahidəçilərin fikrincə, erkən seçkilərə gedilməsi məsələsi də bu yığıncaqda bəlli olacaq.
"Çox zəif hökumət”
Erdoğan nəzəri baxımdan hökumət təşkili üçün mandatı ən böyük müxalifət partiyası olan Respublika Xalq Partiyası – CHP-yə verə bilər. Əslində CHP prezidentə belə bir müraciət səsləndirib.
Lakin təhlilçilər bildirirlər ki, CHP-nin hökumət koalisiyasını qanunla nəzərdə tutlan müddətdə - 23 avqustadək yaratması ağlabatan görünmür, beləki iki digər müxalif partiyanın - millətçi MHP-nin və kürdpərəst HDP-nin onunla koalisiyaya gələcəyi ehtimal edilmir.
Konstitusiyaya görə avqustun 23-dək hökumət təşkil olunmazsa, bütün partiyaların hakimiyyəti paylaşacağı keçid hökuməti yaradılmalıdır.
Sözü gedən 4 partiyanın bir-birindən ideoloji baxımdan son dərəcə fərqləndikləri nəzərə alınarsa, bu, çox zəif bir hökumət ola bilər.
Kürdyönlülər və millətçilər
Lakin hətta belə bir "seçki hökumətinin” yaradılmasının özü də mürəkkəb məsələdir. MHP bu prosesdə iştirak etmək niyyətində olmadığını bildirib. HDP, əksinə prosesə qatılmağa hazırdır.
Məhz buna görə də hakim AKP ümid edir ki, millətçi MHP kürdyönlü HDP-nin kabinet kürsülərinə sahib olmaması üçün əlindən gələni edəcək və prosesə qoşulmağa məcbur olacaq.
Lakin MHP lideri Devlet Bahceli bildirib ki, HDP-nin kabinetdə yer alması elektoratıqəzəbləndirəcək və onun partiyasının nüfuzu artacaq.
Türkiyə konstitusiyası hazırkı hökumətin seçkiyədək işləməkdə davam etməsini nəzərdə tutmayıb.
Nəzəri baxımdan parlament belə variantı səsə qoya bilərdi. Lakin Bahceli bu məsələ məclisə çıxarılarsa onun əleyhinə səs verəcəyini bəri başdan bəyan edib. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !