Türkiyənin Cizrə şəhərində yenidən komendant saatı elan edildi

11:45 | 14.09.2015
Türkiyənin Cizrə şəhərində yenidən komendant saatı elan edildi

Türkiyənin Cizrə şəhərində yenidən komendant saatı elan edildi

Əsasən kürdlərin yaşadığı Türkiyənin Cizrə şəhərində komendant saatı ləğv olunduqdan yalnız bir gün sonra yenidən tətbiq edilib.

Rəsmilər deyirlər ki, bu addım PKK qrupunun yaraqlıları ilə düyüşlər zamanı təhlükəsizliyi təmin etmək və həyatları xilas etmək üçündür.
Bazar günü, ölkənin cənub-şərqində iki ayrı hücum nəticəsində üç türk polisi silahlılar tərəfindən öldürülüb.

Şırnak şəhəri yaxınlığında avtomobilin partladılması iki zabitin ölümünə səbəb olub. Digər polis əməkdaşı isə Silvan rayonunda raket hücumu nəticəsində dünyasını dəyişib.

Cizrədə komendant saatı səkkiz gündən sonra şənbə günü ləğv olunmuşdu.

Bölgə qubernatoru Ali İhsan Sunun verdiyi bəyanata görə, yeni komendant saatı bazar günü yerli vaxtla saat 19:00-da (16:00 GMT) tətbiq olunub və yeni əmrə qədər qüvvədə qalacaq.

Türkiyə ilə PKK arasında münaqişə iyul ayında atəşkəs pozulduqdan sonra yenidən alovlanıb.

Təhlükəsizlik mənbələri bildirib ki, türk qüvvələri Şırnak partlayışına görə məsuliyyət daşıyan yaraqlıların azı beşini öldürüb.

Komendant saatı regionun ən iri şəhəri Diyarbakırın bir neçə vilayətində də qüvvədədir, Türkiyə mətbuatı məlumat verib.

Diyarbakırın Sur rayonunda toqquşmalar zamanı isə yeddi polis əməkdaşı yaralanıb, təlükəsizlik mənbələri bildirib.

Polis həmçinin şəhərdə gənclər qruplarına qarşı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.

Televiziya vasitəsilə yayımlanan şərhdə, Türkiyənin əsas kürd mənşəli HDP partiyasının lideri Selahattin Demirtaş sülh danışıqlarına qayıtmağa çağırış edib.

Türkiyə Cizrəni PKK fəaliyyətinin ocağı kimi təsvir edib.

1984-cü ildə PKK-nın silahlı kampaniyaya başlamasından bəri 40 mindən çox insan həyatını itirib. Qruplaşma Türkiyənin daxilində müstəqil kürd dövləti istəyir.

2013-cü ildə imzalanmış atəşkəs iyul ayında, Suriya ilə sərhəddə güman edilən İslam Dövləti silahlısının bombalı hücumundan sonra pozulub. Hücum kürd silahlıları ilə Türkiyə arasında qarşılıqlı ittihamlara səbəb olub.

BBC Azeri

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti